DÇ-2022: Pepedən yeni rekord
Portuqaliya millisinin müdafiəçisi Pepe dünya çempionatının pley-off mərhələsində qol vuran ən yaşlı futbolçu olub.
Msport.az xəbər verir ki, arxa xətt oyunçusu buna İsveçrəyə qarşı keçirdikləri 1/8 final mərhələsinin görüşündə fərqlənməklə nail olub.
33-cü dəqiqədə rəqib qapısına yol tapan futbolçu həmin vaxt 39 yaş 9 aylığında olub.
39 yaş 283 günlüyündə qol vuran müdafiəçi komanda yoldaşı Kristiano Ronaldoya məxsus rekordu da yeniləyib. İndi Pepe portuqaliyalıların mundiallardakı ən qoca qolçusudur. Ronaldo isə həm də sahibi olduğu ən gənc qolçu ünvanını daşımağa davam edir.
Komandanın digər aparıcı üzvü Bruno Fernandes isə Qətər mundialında oynadığı 3 matçda 5 qolun vurulmasında pay sahibi olub – 2 qol, 3 məhsuldar ötürmə. O, Eysebio (10) və Joze Torresdən (6) sonra 1966-cı ildən bu yana bu, ən yaxşı nəticəyə imza atıb.
Portuqaliya millisi isə mundillarda ilk dəfə bir oyunda 6 qol vurdu. Bu nəticə komandanın tarixində 3-cü dəfə 8 ən güclü komanda sırasına çıxmasına şərait yaratdı. Portuqaliyalılar daha öncə 1966 və 2006-cı illərdə də bu qədər irəliləyə bilmişdi.