De Bleker qalmaqallı epizoda aydınlıq gətirdi
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker dünən Azərbaycan Premyer Liqasının 6-cı turunda “Sabah” – “Turan Tovuz” oyununun (2:2) son dəqiqəsində qeydə alınmayan qol epizodu haqda açıqlama verib.
Msport.az xəbər verir ki, belçikalı mütəxəssis epizoda VAR-ın müdaxilə etməməsinin səbəbini belə izah edib:
“Sabah” – “Turan Tovuz” oyununun 90+4-cü dəqiqəsində “Turan Tovuz” komandasının künc zərbəsi zamanı köməkçi hakim qapı xətti üzərində, künc bayrağının arxasında dayanmışdı. Köməkçi hakimin mövqeyi düzgün idi. O, künc zərbələri zamanı həmin mövqedə olmalıdır.
Oyun künc zərbəsindən bərpa olunan zaman köməkçi hakim topun meydanı tərk etdiyini görür və hücüm bitdikdən sonra bayrağını qaldıraraq, baş hakimə işarə verir. (VAR Protokoluna əsasən, yan xətt hakimi hücum yekunlaşdıqdan sonra bayrağı qaldırmalıdır.)
Baş hakim işarəni görüb qapıdan zərbə qərarını verir. Qapı xətti üzərində kamera olmadığına görə (görüntü olmadığına görə), VAR hakimi verilən qərarı təsdiqləyir. Yekunda köməkçi hakimin verdiyi qərarı baş hakim və VAR təsdiqləyir.
VAR yalnız aşkar səhv olduqda müdaxilə etməlidir”.