featured-image-71005

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker “İmişli” – “Qəbələ” oyunundan (2:2) beş gün (!) sonra nəhayət ki, matçda baş verənləri şərh eməyi özünə borc bildi. Bu dəfə fərqli, video formatında. Hər ehtimala qarşı turun digər görüşlərini də bu oyunun gözünə qatdı ki, çox da diqqəti cəlb etməsin.

De Bleker etiraf edir ki, 59-cu dəqiqədəki epizodda “İmişli”nin müdafiəçisi Ronaldo de Souzaya sarı vərəqə göstərilməli idi. Amma nədənsə nəzərə almır ki, bu, futbolçunun ikinci sarısı olacaqdı və o, komandasını azlıqda qoyacaqdı. Hətta bir qədər əvvələ gedib deyək ki, 74-cü dəqiqədə məhz həmin meydanda olmamalı olan Ronaldo de Souza “İmişli”nin heyətində hesab fərqini azaldır. Deməli bu, birbaşa nəticəyə təsir edən səhvdir.

Hakimlər Komitəsinin rəhbəri bildirir ki, protokola əsasən, VAR bu epizodda müdaxilə etməməli idi. Bununla razı. VAR yaınız potensial qırmızı vərəqə olanda müdaxilə edə bilər. Bəs yan hakim hara baxırdı? Və ya 4-cü hakim? Onlar ki, İnqilab Məmmədova sarı vərəqə olduğunu deyə bilərdilər. Amma nədənsə, heç biri məsuliyyəti öz üzərinə götürmək istəmədi. Əslində bunun səbəbi məlumdur.

Ötən mövsüm kubokun yarımfinalında “Neftçi” – “Sabah” oyununda baş verənlərdən sonra Rauf Allahverdiyevin ömürlük hakimlikdən qovulması onun digər həmkarlarının gözünü qorxudub. Xatırladaq ki, Allahverdiyev həmin matçda VAR hakimi idi və o, “Neftçi”nin qapısına penalti təyin olunmasını referi Əliyar Ağayevə bildirməmişdi. Allahverdiyev hakimlikdən uzaqlaşdırıldıqdan sonra hiss olunur ki, hakimlər psixoloji sarsıntı içindədirlər, hamısı “az aşım, ağrımaz başım” prinsipi ilə hərəkət edirlər.  “Birdən deyərəm, sonra səhv çıxar” fikiri artıq hakimlərin beynindən çıxmır. Ona görə də heç biri risk etmir.

“İmişli” – “Qəbələ” oyununda baş verənlərə görə, De Bleker İnqilab Məmmədovun səhvini etiraf etdi. İndi gözləyək görək, Məmmədov neçə tur çempionat oyunlarına təyinat almayacaq. Amma İnqilabın cəzalanması da “Qəbələ”nin 2 xalını geri qaytarmayacaq.

 

 

 

 

Bənzər xəbərlər