"De Byazi o boyda federasiyanı barmağına dolayıb" - Kamal Quliyev
Milli komandamızın sabiq futbolçusu, son olaraq “Keşlə” klubunda məşqçi işləmiş Kamal Quliyevin Msport.az-a müsahibəsi
– Kamal müəllim, haralardasız, nə işlə məşğulsuz?
– Çəkilmişəm bir kənara, futbolumuzda baş verən hadisələri izləyirəm. Bir məsəl var, vur nağara, çıx kənara. Baxın, mən indi nağara vurub, qırağa çıxmışam.
– Heç bir işlə məşğul olmursuz?
– Dədə-babadan 2 avtobusmuz var. Hərdən onlarla harasa gedib-gəlirəm. Çox vaxt isə istirahət edirəm.
– Futbolumuz kənardan necə görünür?
– Çox iyrənc və biabırçı.
– Yəqin, millimizin seçmə mərhələdə keçirdiyi oyunları izlədiniz. Avstriyaya 1:4, İsveçə isə 0:5 hesablı məğlubiyyətləri necə şərh etmək olar?
– Buna şərh vermək mümkün deyil. Bunun bir adı var: biabırçılıq. Mən o vaxt “Neftçala”da işləyəndə 2 ildə cəmi 1 dəfə uduzdum, onda da istefa ərizəmi yazıb klub prezidentinin qarşısına qoydum. Çünki Kamal Quliyevin mənliyi var. İstefa vermək də mədəniyyətdir. De Byazi məndən yaşda böyükdü. Heç vaxt onu təhqir etmərəm. Amma gərək, İsveçə məğlubiyyətdən sonra çemodanını götürüb gedərdi. Deyir ki, Estoniyanı udacam. Bu, nə sarsaq açıqlamadı? Bəs, udmasa necə olacaq? Sabah mən də çıxım deyim ki, yığmaya baş məşqçi təyin edin, estonlara qalib gələcəm. De Byazi o boyda federasiyanı barmağına dolayıb.
– Elədisə, niyə ona bu şəraiti yaradırlar?
– Çünki özlərinə də sərf edir. De Byazi burdakı pulu qoyub gedər? Berti Foqtsun dövründə millimiz səfər oyunlarına yollananda əvvəlcə Frankfurta uçurdu, sonra isə gedəcəyi ölkəyə. Halbuki çarter reysləri var. Bilirsiz niyə elə edirdilər? Pul silmək üçün. Orada Foqtsun qardaşının oteli var idi. Bir gün oteldə qalıb, sonra uçurdular.
– Son iki məğlubiyyətdən sonra İcraiyyə Komitəsi toplanıb De Byazidən hesabat tələb etdi. Çoxları italiyalı mütəxəssisin istefaya göndəriləcəyini gözləyirdi. Amma əksi oldu…
– De Byazini kim istefaya göndərəcəkdi? İcraiyyə Komitəsində oturanlar? Onun orada qalması İK üzvlərinə göndərilməsindən daha çox sərf edir. 20 ildir eyni sözü deyirəm ki, yığmaya yerli məşqçi başçılıq etməlidir. Amma imkan vermirlər. Məsələn, onlara Kamalın yığmanın sükanı arxasında olması sərf eləmir. Çünki mən azərbaycanlıyam, sabah bütün əməllərinin üstünü aça bilərəm. De Byazi isə əcnəbidi, sabah çıxıb ölkəsinə gedəcək.
– Problem təkcə baş məşqçi ilə bağlıdı?
– Əlbəttə ki, yox. Problem sistemdədi. Ölkə futbolu düzgün idarə olunmur. Keyfiyyətli futbolçu yoxdu. Məsələn, Foqtsun dövründə yetişən bir futbolçu göstərə bilərsiz mənə? Yoxdu. Oyunçu yetişdirmək istəyirsənsə, komanda, oyun sayını artırmalısan. Futbolçu məşqdə yox, oyunda inkişaf edir.
– Klubların sayının artırılmalı olduğunu qeyd etdiniz. Bu mövsümün sonunda Premyer Liqada sonuncu yeri tutan komanda I Divizona düşəcək. Artıq son sıralarda olan komandalar buna etiraz edirlər. Bu barədə nə deyə bilərsiniz?
– Məncə, heç bir komanda elitanı tərk etməsin. Əksinə, daha iki komanda diviziondan yuxarı qalxsın. Dediyim kimi, klub və oyun sayı çox olmalıdır ki, inkişaf getsin.
– Klublara bu mövsümdən dövlət tərəfindən ildə 3 milyon manat vəsait ayrılır. AFFA həmin məbləğin uşaq futboluna və yerli oyunçulara sərf olunmasını tələb edir. Yəni, o pulla legioner almaq olmaz. Bu tələb isə klublar arasında narazılığa səbəb olub. Sizin bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.
– Bu ideyanı ortaya atanın dilinə qurban olum. Qoy, həmin pulu uşaq futboluna ayırsınlar, azyaşlı futbolçularımız Avropanın aparıcı ölkələrində keçirilən turnirlərdə iştirak etsinlər. Bu gün Azərbaycanda yalnız “Şamaxı” ancaq yerlilərdən təşkil olunub. Digər klublarda isə kifayət qədər legioner var. Səviyyəli əcnəbiyə heç kim etiraz etmir. Amma yerli oyunçu ilə eyni səviyyəyə malik legioner bizə lazım deyil.
– “Neftçi”nin hazırkı durumu barədə nə düşünürsünüz?
– “Neftçi”də bu komandanı sevən rəhbərlər işləməlidir. Yoxsa, bir gecənin içində digər klubdan “Neftçi”yə keçən şəxslər yox. Bu komandaya Sadıq Sadıqov, Tahir Süleymanov kimi rəhbərlər lazımdır. Allah Sadıq müəllimin ölənlərinə rəhmət eləsin. Onun vaxtında komandada ab-hava tamam başqa idi. Uğur təkcə meydanda qazanılmır. Burada klub prezidenti-futbolçu münasibətləri də rol oynayır. Bir dəfə “İsmət Qayıbov”da “Qarabağ”la oynayırdıq. Fasiləyə 0:2 hesabı ilə məğlub yollandıq. İlk hissənin sonlarında Erik Ramos zədələndi, ayağı şişmişdi. Sadıq müəllim futbolçunun ayağını əlinə götürüb əvvəlcə öpdü, sonra isə ovxalamağa başladı. Elə Ramosu əvəzləmək istəyirdik ki, dedi, mümkün deyil, sonadək oynayacam. Nə qədər çalışsaq, fikrindən dönmədi. Şişmiş topuğu ilə hamıdan yaxşı oynadı. İndi isə klub prezidentləri, digər rəsmilər özlərini qoyublar dağın başına. “Neftçi”də yüksək vəzifədə çalışan şəxslərdən biri deyib ki, 3 transferi özünüz üçün edəndə, birini də klub üçün edin. Bu bilirsiz, nə deməkdi? Bizim vaxtımızda yeni oyunçuya 5 nəfər baxırdı. Loru dildə desək, alt paltarına kimi yoxlayırdıq. Bu gün isə kimi gəldi komandaya götürürlər. Sadıq müəllimin vaxtında bilirsiz, “Neftçi” niyə uğur qazanırdı? Çünki klubun başında əsl kişi dururdu.
CAHİD