Deputat "Kəpəz"ə görə AFFA-ya müraciət ünvanladı
Deputat Müşfiq Cəfərli AFFA-ya müraciət ünvanlayıb.
Msport.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, deputat bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib:
“Prezident Gəncə şəhər stadionunun qısa bir müddət içərisində yenidən qurulması üçün sərəncam imzaladı və beynəlxalq standartlara cavab verən bir stadiounun açılışında 3-cü MDB oyunları öncəsi şəxsən iştirak etdi. Belə bir stadionu olan “Kəpəz”i Premyer Liqa komandaları içərisində sonuncu yerdə görmək mənim üçün və gəncəli azarkeşlər üçün ürək ağrısıdır.
Bu tribunadan AFFA rəhbərliyinə səslənirəm, komandanın hazırda başında duran adamlar sponsor adı ilə kluba sahib çıxdılar, nəticədə isə hansısa bir sponsorluqdan söhbət belə getmədi və bu da ilkin nəticələr. Beynəlxalq standartlara cavab verən stadion var, FİFA və UEFA-nın dəstəyilə inşa edilmiş akademiya ən yüksək standartlara cavab verir, heç Bakı şəhərində belə bir akademiya mövcud deyil. 3 ədəd məşq üçün stadion və komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. İnanıram ki, mənim bu çağırışıma AFFA biganə qalmayacaq və mövcud imkanları dəyərləndirəcək”.







