featured-image-13862

İngiltərənin “The Guardian” nəşri hər il istedadlı gənc futbolçuların adlarını açıqlayır – Next Generation. Siyahıya 17 yaşlı 60 perespektivli oyunçunun adı daxil edilir.

Msport.az xəbər verir ki, gözlənildiyi kimi siyahıya azərbaycanlı futbolçu düşməyib. Bizdə 17 yaşında Premyer Liqada çıxış edən kimisə tapmaq asan məsələ deyil. Lakin siyahıda postsovet məkanından 3 nəfərin adına rast gəlmək mümkündür.

Luka Parkadze (Gürcüstan, “Dinamo Tbilisi”) 

Luka Gürcüstanın U-17 yığmasının heyətində diqqəti cəlb edib. O, almaniyalı həmyaşıdları ilə matçda yaxşı təsir bağışlayıb, bundan başqa, Çexiya ilə görüşdə 16 yaşı olarkən “qayçı” zərbə ilə qol vurub.

Parkadze Gürcüstan yüksək liqasında 17 yaşında debüt edib. Həmin vaxt “Bayern Münhen” Akademiyasının  direktoru Yohen Sauer onun haqqında müsabət fikirlər səsləndirmişdi. Gürcüstanlı futbolçu gələn il Almaniya klubunun düşərgəsinə yollanacaq.

Beknaz Almazbekov (Qırğızıstan, “Qalatasaray”) 

Almazbekov artıq əsas milli komandada debüt edib. O, iyunda Asiya kuboku-2023-ün seçmə mərhələsi çərçivəsində Myanma ilə görüşdə meydana çıxıb. Beknaz  5 ildir ki, “Qalatasaray”da çıxış edir. Almazbekovun əla zərbələri var. O, həm cərimə meydançası xaricindən yaxşı zərbələr vurur, həm də standart vəziyyətləri ustalıqla yerinə yetirə bilir.

Qarnik Minasyan (Ermənistan, “Urartu-2”) 

Minasyan texnikası, meydanı yaxşı görməsi ilə seçilir. O, Ermənistanın aşağı liqasında çıxış edən “Urartu-2″də forma geyinir. Yerli mətbuata inansaq, Fransa və Belçikadan olan skautlar futbolçunu yaxından izləyirlər.

Qeyd edək ki, siyahıda Türkiyənin də bir neçə futbolçusu var.

Arda Gülər (Türkiyə, “Fənərbaxça”) 

Arda Türkiyə futbolunun son illərdə yetişdirdiyi ən istedadlı oyunçularından biridir. O, bu cür gənc yaşda artıq “Fənərbaxça”nın əsas üzvlərindən birinə çevrilib. Gülər Məsut Özil “Fənər”dən getdikdən sonra “10 nömrəli” formaya yiyələndi. İstanbul klubunun baş məşqçisi JorjiJezuş gənc istedada çox güvənir və onun nəinki “Fənərbaxça”nın, Türkiyə millisinin də liderlərindən biri olacağı qənaətindədir. Gülər artıq Avropanın bir çox top-klublarının diqqət mərkəzindədir.

Kenan Yıldız (Türkiyə, “Yuventus”) 

“Bayern Münhen” akademiyasından 2005-ci il təvəllüdlü əla futbolçular çıxıb. Onlardan biri də türk Kenan Yıldızdır. Onun Almaniya klubu ilə müqaviləni uzatmayacağı bəlli olan kimi bir çox komandlar futbolçunu ələ keçirmək üçün fəaliyyətə başladılar. “Barselona”, “Ayaks” bunun üçün cəhd etsə də, hücumçu “Yuventus”u seçdi. Kenanın Türkiyənin U-17 yığmasının Avro-2022-nni seçmə mərhələsində uğur qazanmasında böyük rolu olub.

Zidan Serdemir (Danimarka, “Bayer Leverkuzen) 

Türk əsilli futbolçuya məşhur Zinəddin Zidanın şərəfinə Zidan adı verilib. O, da əfsanəvi fransalı kimi yarımmüdafiənin mərkəzində oynayır. Leverkuzen təmsilçisinin idman direktoru Simon Rolfes Serdemir haqqında “biz onda böyük potensial görürük” demişdi. O, “Bayer Leverkuzen” tarixində Bundesliqada debüt etmiş ən gənc futbolçu olub.

Maraqlıdır bəs “The Guardian” bu siyahını necə tərtib edir? Nəşrin bütün dünyada jurnalist-skautları var. Onlar həmin gənc istedadları izləyib siyahıya daxil ediirlər. MDB məkanında bu işləri görən erməni Artur Petrosyandır. Görünür, Minasyanın 60 ən yaxşı arasında düşməyi də həmyerlisinin sayəsində mümkün olub.

Bənzər xəbərlər