Əfran İsmayılov: "Olimpiakos" bir az həyasız komandadır"
“Kəpəz”in futbolçusu Əfran İsmayılovun Msport.az saytına müsahibəsi
– “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə darmadağın etdi. Sabiq komandadan bu cür böyük hesablı qələbə gözləyirdin?
– Qələbə gözləyirdim, amma belə yox. Komanda səfərdə evdəki kimi oynadı. 90-cı dəqiqəyədək boşalmadı. Hesab 2:0 olduqdan sonra da hücum edirdilər. “Qarabağ” artıq Avropa səviyyəli komandalarla başabaş mübarizə aparır. Qrupda birinci yeri tutmağa layiqdir. Almaniyada “Frayburq”a heç nədən uduzdu. Rəqibdən üstün oynamışdı. “Qarabağ” artıq öz sözünü deyir. Davamlı olsun. Həqiqətən möhtəşəmdilər. Azərbaycanda hamı bu komanda ilə fəxr edir. İnanıram ki, qrupdan çıxacaq. Bütün oyunlar çətindir. Amma “köhlən atlar” öz dəsti-xətti ilə seçilir. Baş məşqçi futbolçuların, oyunçular da Qurban Qurbanovun nə istədiyini bilir. Ona görə də sakit şəkildə öz oyunlarını oynayırlar.
– Matçdan öncə rəqib “Qarabağ”a sanki yuxarıdan aşağı baxırdı…
– İdmanda kiməsə yuxarıdan aşağı baxmaq qeyri-peşəkarlıqdır. Belələrini həyasız, “siqan” klublar adlandırardım. Normal komanda belə hərəkət etmir, rəqibin kimliyindən asılı olmayaraq öz futbolunu oynayır. “Olimpiakos”un özü də bir az həyasız komandadır.
– Oyunun gedişində stadionda erməni bayraqları nəzərə çarpdı. Buna münasibətini bilmək maraqlı olardı…
– Yunanıstan düşmənlərimizin çox yaşadığı ölkələrdəndir. Özləri də düşmən kimi bir şeydir. Bu cür təxribatlara adət ediblər, hər zaman problem yaradıblar. Amma şükürlər olsun ki, bunlar bizim üçün önəm daşımır. “Qarabağ” rəqibini darmadağın etməklə, meydanda onlara layiqincə cavab verdi. Bu baxımdan komandaya alqış düşür.
– “Qarabağ” oktyabrın 13-də “Olimpiakos”u Bakıda qəbul edəcək. Evdəki oyundan nə gözləyirsən?
– Ümid edirəm ki, Bakıda da qələbə qazanarlar və qrupdan çıxmaq şanslarını artırarlar. Hamımız “Qarabağ” üçün dua edirik. Arzu edirik ki, maksimum dərəcədə qabağa getsin. Bu komanda düşmənə gözdağıdır. Evdə mümkün qələbə komandanın qrupdan çıxması yolunda böyük addım olar. Amma nəzərə almaq lazımdır ki, rəqib bu dəfə daha aqressiv və istəkli oynayacaq. Buna baxmayaraq, “Qarabağ” evdə azarkeşlərin də dəstəyilə çox yaxşı oynayır. Özünü top-komanda kimi aparır. Ona görə də hamı “Qarabağ”dan çox şey gözləyir.
– Hazırkı heyəti “Qarabağ” tarixinin ən güclü kollektivi adlandırmaq olar?
– Bunu demək bir az çətindir. Amma komanda çox inkişaf edib. Oyun baxımından irəliləyiş var. Mənim üçün prioritet Çempionlar Liqasıdır. İnşallah, “Qarabağ” ÇL-də mübarizə aparar, qrupdan çıxar. Klub üçün bundan yüksək dərəcə yoxdur. Əslində hazırkı heyətə ən güclü demək olar. Bu, oyunlardan da görünür. Həm qol vururlar, həm yaxşı müdafiə olunurlar. Bəhlul Mustafazadə və Bədavi Hüseynov arxa xətdə çox inamlı təsir bağışlayır. “Qarabağ”ın adı çox böyük məna kəsb edir. Bu ad futbolçuların məsuliyyətini 3-4 dəfə artırır.
– Bir müddət öncə zədələnmişdin. Hazırda özünü necə hiss edirsən?
– Müalicə davam edir. Zədə demək olar ki, sağalıb. Yəqin ki, 1-2 günə məşqlərə başlayacağam.
– “Kəpəz” IX turda “Sabah”ın qonağı olacaq. Rəqibin bu mövsüm yaxşı formada olması sizi qorxutmur?
– “Sabah” həqiqətən çox yaxşı komandadır. Əla baş məşqçiləri və heyəti var. “Qarabağ”dan sonra bəlkə də ən iddialı klublardan biridir. Bunu ortaya qoyublar. Başa düşürük, səfərdə oynayacağıq və çətin olacaq. Amma komandamızda ab-hava başqa cürdür. Müsbətə doğru dəyişikliklər var. Öz gücümüzü ortaya qoyub xal və ya xallar qazanmaq istəyirik. Yuxarı pillələrə qalxmaq arzusundayıq. Maksimum nəticə, ən pis halda 1 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. İstədiyimiz oyunu göstərsək, bunu bacara bilərik.
– “Kəpəz” X turda “Neftçi”yə qarşı ev oyununu Gəncədə keçirəcək. Komandanın doğma məkana qayıdışı barədə nə deyə bilərsən?
– Çox sevindirici haldır. Hamı bunu çoxdan gözləyirdi. Üstəlik “Neftçi”yə qarşı oynayacağıq. Çox maraqlı və gərgin oyun olacaq. Hazırda yalnız “Sabah”la matçı fikirləşirik. Əsas odur ki, “Kəpəz” Gəncəyə qayıdır. Evdə layiqli mübarizə aparmağa çalışacağıq. Orada hər bir komandaya çox çətin olacaq.