Əfran İsmayılov: “Tərlana dedim ki, 2 il işsiz, yiyəsiz qalmışdın, indi burada özbaşınalıq edirsən”
“Kəpəz”in futbolçusu Əfran İsmayılov komandanın baş məşqçisi Tərlan Əhmədovla aralarındakı qalmaqalın səbəbini açıqlayıb.
O, Msport.az saytına açıqlamasında 51 yaşlı mütəxəssisin artıq-əskik hərəkətlərə yol verdiyini bildirib.
Yarımmüdafiəçi bildirib ki, insident paltardəyişmə otağında baş verib: “Paltardəyişmə otağında oturmuşduq. Məşqə hazırlaşırdıq. İçəri girib ordan-burdan danışdı. Gördüm, həyəcanlıdır, o yana gedir, bu yana gəlir. Bildim ki, nəsə var. Əslində özünü buna çoxdan hazırlamışdı. Sadəcə, indi açıb dedi. Guya öz aləmində qeyri-adi nəsə etmək istəyirdi. Qeyri-adi şeyi stadionda edib nəticə vermək lazımdır. Mənə dedi ki, Əfran, yuxarı çıxıb rəhbərliklə danışmalısan. Səbəbini soruşdum. Bildirdi ki, Zamiq Əliyevi təhqir etmisən, demisən ki, qələtini elə, Mixeil Erqemlidze ilə problemin olub. Təsdiqlədim və dedim ki, yenə təkrarlayıram, Zamiq başından böyük qələt edib. Çünki artıq-əskik söhbət etmişdi. Mixailə isə irad bildirmişəm ki, 20-30 dənə hücumumuz olur, hamısını sən vurmaq istəyirsən. Digərlərinə də şərait yarat. Tərlana dedim ki, rəhbərliklə söhbət edəcəm, amma sən mənimlə adam kimi danışa bilərdin. Necə lazımdısa, cavabını verdim. Bildirdim ki, 2 il işsiz, yiyəsiz qalmışdın, indi gəlib burada özbaşınalıq edirsən. Gah onu çıxarırsan komandadan, gah bunu”.
İsmayılov klub rəhbərliyinin Əhmədova çox böyük dəstək olduğunu, baş məşqçinin isə bundan sui-istifadə etdiyini söyləyib: “Nə deyir, edirlər. Gəncədə toplanışımız, hər hazırlıq prosesindən sonra saunamız, masajımız olur. Hər şey yüksək səviyyədədir. İlqar Nadiri komanda üçün hər şeyi edir. Tərlanın hərəkətləri ilə bağlı İlqar müəllimi xəbərdar etdim. Dedi ki, aydınlaşdırarıq. Əsas odur ki, Tərlanın əməllərinin üstünü yavaş-yavaş açacağam”.







