featured-image-4826

Milli komandamızın sabiq qapıçısı Dmitri Kramarenko iyunun 3-də Millətlər Liqası çərçivəsində keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu ilə bağlı fikirlərini bildirib. Msport.az ÇSKA, “Dinamo” (Moskva), “Alaniya”, “Torpedo” kimi klublarda çıxış etmiş qolkiperin sports.kz saytına müsahibəsini təqdim edir.

  • İyunun 3-də Qazaxıstan və Azərbaycan milli komandaları bizim paytaxtımızda keçiriləcək görüşdə Millətlər Liqasının yeni mövsümünə start verəcəklər. Sizcə, yığmanız üçün ilk matçın səfərdə olması müsbət amildir ya mənfi? 
  • Oyun gərgin və maraqlı olacaq. Bizim komandalar arasında görüşlər həmişə maraqlı alınır, kifayət qədər gərgin olur, hər iki yığma üçün çətin keçir. Bir keçmiş futbolçu kimi deyə bilərəm ki, mənim üçün ilk oyunun səfərdə olması bir qədər müsbət haldır.
  • Siz özünüz də vaxtilə Almatıda Qazaxıstan millisinə qarşı oynamısınız. Həmin madtçdan hansı təəsüratlarınız qalıb? 
  • Həmin vaxt 3:2 hesabı ilə qələbə qazandıq. Əlbəttə, yaxşı xatirələr yadda qalıb. Stadion ağzına kimi dolmuşdu, yerli azarkeşlərin böyük dəstəyi var idi. Oyun da maraqlı alındı. Matçın gedişində səhv etmirəmsə, biz 2:1 öndə idik, sonra hesab 2:2 oldu və sonra 3:2 qalib gəldik. Görüşün sonuna az qalmış qələbə qolunu vura bildik. Həmin vaxt yadımdadır ki, Qazaxıstan komandasında ustalıq səviyyəsi yüksək olan xeyli futbolçu çıxış edirdi. Biz qalib gələ bildik və bu çox sevindirici idi. Dolu tribunalar qarşısında qalib gəlmək çox xoşdur.
  • 2004-cü ildə siz Qazaxıstanın “Jenis” klubuna keçsəz də, bu komandada bir rəsmi oyunda belə meydana çıxmadan ayrıldız. O vaxt nə baş vermişdi? 
  • Hər şey çox sadədir: maliyyə yox, bəzi texniki məsələlərdə anlaşa bilmədik. Mən “Jenis”in o vaxtkı rəhbərliyinə təşəkkür edirəm ki, həmin texniki məsələləri həll etmək üçün bacardıqlarını etdilər. Həmin hadisənin üstündən demək olar, 20 il keçib. Yadımdadır ki, klub rəhbərliyi məni çox yaxşı qarşıladı, ancaq bəzi texniki problemlərə görə “Jenis”də çıxışım alınmadı.
  • Düz başa düşdümsə, siz həm ÇSKA-da, həm də Azərbaycan millisində qapıçılarla işləyən məşqçi kimi çalışırsız. Bu iki işi birdən necə çatdırırsız?
  • Azərbaycan yığmasında artıq demək olar ki, bir ildir işləmirəm – 2021-ci ilin martından. Çünki sizin də dediyiniz kimi iki işi bir yerdə bu cür çatdırmaq çətin məsələdir. Moskva klubunda bir ildən çoxdur ki, fəaliyyət göstərirəm. Hər şey normaldır. Klubda olan gənc qapıçılarla da işləyirəm. Bizim əsas qapıçımız İqor Akinfeyevdir. O, müqaviləsini uzatdı və tam gücümüzlə çalışacağıq.
  • Sizcə, Qazaxıstanda çıxış edən Emil Balayevin fiziki və psixoloji vəziyyəti indi necə ola bilər? Çünki onun klubda oyun təcrübəsi çox azdır. 
  • Emil Balayev Qazaxıstanda daha çox oynamalıdır. Düşünürəm ki, yaxın vaxtlarda o, optimal formasını yığacaq – Tobol”da olduğu kimi. Ona uğurlar arzu etmək istəyirəm. Həm klubunda, həm də təbii ki, Azərbaycan millisində.
  • Necə düşünürsüz, “Astana Arena”nın süni örtüyü sizin futbolçular üçün problem yarada bilər? 
  • Məncə, bu bizim komanda üçün ciddi problem olmacaq, Azərbaycanda da yaxşı keyfiyyətə malik süni örtüklü stadionlar az deyil. Astanadakı süni örtük yaxşıdır, keyfiyyətlidir. Ola bilsin ki, ilk 20-25 dəqiqədə adaptasiya baxımından vaxt aparsın. Sonra hər şey normal olacaq.
  • Qazaxıstan – Azərbaycan matçında komandalardan necə oyun gözləyirsiniz? Və görüş necə yekunlaşa bilər? 
  • Düşünürəm ki, hər iki komanda birinci oyuna optimal vəziyyətdə çıxacaq. Hər iki yığmada kifayət qədər səviyyəli futbolçular var. Nəticə barədə nəsə demək istəmirəm, amma mənə elə gəlir ki, şanslar bərabərdir. Əlbəttə ki, mən öz yığmama  – Azərbaycana azarkeşlik edəcəm. Hər iki komandaya uğurlar arzu edirəm və ümid edirəm ki, Millətlər Liqasında yaxşı təsir bağışlayacaqlar.

Bənzər xəbərlər