Əli Səmədov: "Heç vaxt özümü kiməsə sübut etməyə çalışmaram"
“Şamaxı”nın yarımmüdafiəçisi Əli Səmədovun Msport.az saytına müsahibəsi
– Ötən tur səfərdə “Kəpəz”ə uduzdunuz. Məğlubiyyətə səbəb nə oldu?
– Düzdür, uduzduq, amma məncə, komanda yaxşı oynadı. Hətta üstün tərəfin biz olduğunu deyərdim. Sadəcə, son nöqtəni qoymaqla bağlı çatışmazlıqlarımız var. Məhz buna görə məğlub olduq.
– “Şamaxı” hazırda 16 xalla “Səbail”lə birlikdə son iki pilləni bölüşdürür. Bu amil üzərinizdə psixoloji gərginlik yaratmır? Ümumiyyətlə, futbolçulara necə təsir edir?
– Əlbəttə, az da olsa gərginlik yaradır. Son pillədə olmaq hər bir oyunçuya təsir edir. Amma inanıram ki, bu durumdan çıxacağıq. Çünki düzgün yoldayıq. Səhvlərimizi aradan qaldırıb, əlimizdən gələni edəcəyik. Son sıralardan nə qədər uzaqlaşsaq, bizim üçün o qədər yaxşıdır.
– Gəncə şəhər stadionunda növbəti dəfə meydana çıxdınız. Amma bu dəfə rəqib qismində. Hansı hissləri keçirdiniz?
– Əlbəttə, fərqli hisslərdir. İnsana bir az qəribə gəlir. Amma sonradan bütün fikrin öz komandanın yanında olur. Qələbə qazanmağa çalışırsan və hər şey yaddan çıxır. Amma yenə də qarışıq hisslər yaşadım.
– Gəncə azarkeşləri sizi necə qarşıladı?
– Yaxşı qarşıladılar. Həm oyundan öncə, həm də sonra dəstəklərini göstərdilər. Sağ olsunlar. Hər şey gözlədiyim kimi oldu. Hamısına minnətdarlığımı bildirirəm.
– Siz Tərlan Əhmədovun qərarı ilə “Kəpəz”dən göndərildiniz. Baş məşqçiyə qarşı hər hansı prinsipiallıq var idi?
– Futbolçularla bağlı heç bir problemim yoxdur. Amma qələbə qazanmağı çox istəyirdim. Alınmadı, qismət deyilmiş. Futboldur, elə də olur, belə də.
– Yəni, özünüzü kiməsə sübut etmək istəmirdiniz…
– Xeyr, qətiyyən. Heç vaxt özümü kiməsə sübut etməyə çalışmaram. Elə bir şey ağlımdan keçməyib.
– Belə fikirlər səslənir ki, mövsümün sonunda “Şamaxı” I Diviziona göndəriləcək. Komanda daxilində belə bir şey eşitmisiniz?
– Məncə, elitanı sonuncu yeri tutan komanda tərk edəcək. Əlimizdən gələni edəcəyik ki, sonuncu olmayaq. Fikrimcə, komandamız buna qadirdir. Çünki yaxşı oyun sərgiləyirik. Mümkün qədər çox xal toplamalıyıq ki, təhlükəli zonadan uzaqlaşaq.
– Niyə komanda qış fasiləsindən sonra qeyri-stabil nəticələ əldə edirsiz. Halbuki mövsümün ilk yarısında mövqeyiniz daha yaxşı idi. Nə baş verdi, enişin səbəbi nədir?
– Yaxşı oyuna görə heç kim sənə xal vermir. Nəticə qazana bilmiriksə, deməli, hardasa nəsə var. Toparlanmalı, qələbə qazanmalıyıq. Əvvəlki dövrələrlə müqayisədə rəqib komandalar bizə qarşı daha kompakt oynayırlar. Bizi daha ciddiyə alırlar. Artıq 5 turdur bunu görürəm.
CAHİD