Elmar Baxşıyev: "Bizə penalti kimi göründü"
Azərbaycan Premyer Liqasında X turun “Şamaxı” – “Qəbələ” (1:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…
– Bilirdik ki, ağır səfər oyunu olacaq. “Şamaxı” son turlarda intizamlı oyun göstərir. Bizə təbii örtükdən süniyə keçmək ağırdır. Çoxsaylı epizodlarımız oldu. Sadəcə, istifadə etməkdə əziyyət çəkirik. Daha yaxşı olmağa çalışacağıq.
– Felipe Santos ümidlərinizi doğruldur? Bu gün 2 metrdən topu boş qapıya göndərə bilmədi. Həmin epizodu oyunun qırılma anı saymaq olar?
– Tək Felipe ilə əlaqələndirməzdim. Ondan öncə Ramon Maçadonun epizodu oldu, Rafael Utziq təkbətəkdən yararlana bilmədi. Futboldur, bəzən çətin epizoddan fərqlənirsən, bəzən də rahat vəziyyətdən qol vurmaq olmur.
– Penalti epizodu ilə bağlı nə deyə bilərsiz?
– Yəqin ki, onlar epizodu daha yaxşı dəyərləndirərlər. Top qapı istiqamətinə gedirdi. Bizə penalti kimi göründü. Qərar hakimlərindir. Yəqin ki, ədalətli olurlar.
– Utziq əvəzlənəndə narazı görünürdü. Hətta sizinlə görüşmədi…
– Oyunçu stressli olur. Ona görə də hər xırda epizodu belə dəyərləndirmək düzgün deyil. Normal qarşılayıram. Komandada hər şey qaydasındadır, hamı bir-birinə dəyər verir. Utziq inandığım futbolçudur.
– Sanki komandanın legionerləri istənilən səviyyədə çıxış etmir. Onların performansında geriləmə nə ilə əlaqədardır?
– Süni örtükdə oynamaq bir qədər ağırdır. Təbii otda hazırlaşırıq. Ona görə belə problem yaranır. Legionerlərdən fərdi kimisə vurğulamazdım. Hərdən komanda şəklində oyundan qopuruq. Bunu daha da yaxşılaşdırmalıyıq.
– Qəbələdə süni örtüklü meydança da var. Orada hazırlaşmaq olmazdı?
– Heyət geniş olmadığı üçün ehtiyat edirik. Futbolçuları qorumaq istəyirik.