featured-image-26942

Azərbaycan millisinin və “Sabah”ın yarımmüdafiəçisi Elvin Camalovun Msport.az saytına müsahibəsi
– “Qəbələ” üzərində çətin qələbə qazandınız. Oyunu necə şərh edərdiniz?
– Doğrudan da çox ağır oyun alındı. Əvvəlcədən asan olmayacağını bilirdik. “Qəbələ” özünəməxsus oyun tərzi olan komandadır. Onlarla oyunlar həmişə çətin keçir. Bu dəfə də belə oldu. Hesabda geri düşsək də, sonda xarakter nümayiş etdirib meydanı 3 xalla tərk etməyi bacardıq. Şadam ki, bu oyundan qələbə ilə ayrıldıq.
– Bu qələbə “Sabah”a tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandırdı. Yəqin ki, sizin üçün ikiqat bayramdır. Təəssüratlarınızı bilmək maraqlı olardı…
– Əlbəttə. Avrokuboklara vəsiqə qazanmağımız ikiqat sevindirici oldu. Bu, klubun tarixində ilkdir. Komandanın kapitanı kimi bu uğurun bir parçası olmaqdan çox şadam.
– Rəqib hesabda öndə olarkən vaxt aparmağa çalışırdı. Futbolçular tez-tez yerə yıxılırdı. Bu, sizi əsəbləşdirmirdi?
– Fikrimcə, “Qəbələ” dünən yaxşı oyun sərgilədi. Qeyd etdiyiniz məsələ futbolun bir parçasıdır. Bu cür hallarla bir çox oyunda rastlaşırıq. Adətən hesabda öndə olan komanda üstünlüyü qoruyub saxlamağa çalışır.
– Növbəti mövsümdə avrokuboklarda oynayacağınız dəqiqləşdi. Sizcə, hazırkı “Sabah” mərhələ keçməyə qadirdir, yoxsa komanda güclənməlidir?
– Düzdür, avrokuboklara vəsiqəni təmin etdik. Lakin məncə bu barədə danışmaq hələ tezdir. Mövsüm bitməyib. Qarşıda daha 8 tur var. İndi yalnız bu oyunlara köklənmişik. Əlimizdən gələni edəcəyik ki, mövsümü maksimum yaxşı nəticə ilə bitirək.
– Hazırda “Qarabağ”dan 9 xal geri qalırsınız. İkinci yerlə barışırsınız, yoxsa çempionluq barədə hələ də düşünürsünüz?
– Mövsümün əvvəlindən qarşımıza qoyduğumuz bir hədəf var: hər matçdan yaxşı nəticə ilə ayrılmaq. Bunun üçün hər oyunda sona kimi döyüşürük. Biz turnir cədvəlinə yox, hər növbəti oyunumuza köklənirik. Hazırda da əsas hədəfimiz növbəti matçımızdır.
– Milli komandanın nəticələri barədə nə deyə bilərsiniz? İki oyuna buraxılan 9 top və vurulan cəmi 1 qol. Niyə belə alındı?
– Təəssüf ki, seçmə mərhələyə yaxşı start verə bilmədik. Çox istərdim ki, uğurlu nəticələrlə azarkeşlərimizi sevindirək. Təəssüf ki alınmadı. İnanıram ki, növbəti oyunlarda müsbət nəticələr qazanacağıq.
– Avstriyaya qarşı oynasanız da, İsveçlə matçda ehtiyatda qaldınız. Bu, nə ilə bağlı idi?
– İlk oyunun son 30 dəqiqəsində meydanda idim. İkinci matçda şans qazanmadım. Kimin oynayıb, kimin oynamayacağını baş məşqçi müəyyənləşdirir. Onun qərarına hörmətlə yanaşıram.

CAHİD

Bənzər xəbərlər