"Erkən qol tələskənlik yaratdı" - Ayxan Abbasov
“Şəhriyar Rəhimovun ailəsinə səbr diləyirəm, Allah rəhmət eləsin. Azərbaycan futbolu üçün ağır itkidir”.
Msport.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 4-cü turunda “Səbail”ə qarşı keçirilən oyundan sonra deyib.
O, komandasının 1:3 hesablı məğlubiyyətini belə şərh edib: “Bilirdik ki, “Səbail” əks-hücumlara bel bağlayır. İlk dəqiqələrdə qol buraxmaq bütün planlarımızı pozdu. Futbolçular tələsməyə başladı. Rəqibin müdafiəsini yara bilmirdik. Bu gün ən zəif oyunumuzu göstərdik. İnanıram ki, bu, təkrarlanmayacaq. Amma mövsümün əvvəlidir. Bizdə də yeni oyunçular var, uyğunlaşmaq üçün vaxt lazımdır. Komandanın potensialı var”.
Mütəxəssis Sərtan Taşkının zəif təsir bağışlaması haqda bunları söyləyib: “Sərtan inandığımız futbolçulardandır. O, çətin dövrdən keçir. Bir səhvə görə oyunçunun üstündən xətt çəkmək olmaz. Hər futbolçunun karyerasında eniş olur”.
O, matça bir hücumçu ilə başlamalarının səbəbini belə izah edib: “Əlbəttə, bu, rəqibə görə idi. Erkən qol tələskənlik yaratdı. Hücumlarımız oldu, sadəcə sonluq çatmadı”.
“Turan Tovuz”un baş məşqçisi “qalib heyəti dəyişməz” fikri ilə razılaşmayıb: “Məndə heç vaxt bu fikir olmayıb. Həftəlik tsikl var və ona əsasən heyəti qururam”.