"Eyforiyadan söhbət belə, gedə bilməz" - MÜSAHİBƏ
Azərbaycan millisinin və “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlovun Msport.az saytına müsahibəsi
– Komandanız mövsümə əla başlasa da, son 3 turda qələbə qazana bilməyin. Deyəsən, tez alışıb, tez də söndünüz…
– Düzdür, xal baxımından ilk iki tur bizim üçün çox yaxşı alındı. 6 xal qazandıq. Amma oyun sarıdan son 2-3 turda daha inamlı çıxış edirik. Meydanda bir-birimizi yaxşı başa düşürük. Bele davam etsək, qələbələr gələcək.
– Komandanın qeyri-stabil çıxışının başlıca səbəbi nədir?
– Demək olar ki, sıfırdan komanda yığıldı. Buna görə də uyğunlaşma prosesi vaxt aparır. İnanıram ki, 2-3 turdan sonra komanda tam hazır olacaq.
– Bəlkə ilk 3 turdan sonra eyforiyaya qapıldız…
– Yox, arxayınlıqdan söhbıt belə, gedə bilməz. Çünki çempionat yeni başlayıb. Dediyim kimi, bizə bir az da vaxt lazımdır ki, bir-birimizi tam başa düşə bilək.
– Son turda meydanda azlıqda qalan “Zirə”yə uduzdunuz. Bunun səbəbini nədə görürsünüz?
– “Zirə” çox yaxşı qapandı. Bir-iki qol epizodu yaxalasaq da, istifadə edə bilmədik. Rəqibin vurduğu 1 qol isə həlledici oldu. Düşünürəm ki, səbəb çox qol epizodu yarada bilməməyimizdir. Daha çox fürsət olmalıdır ki, qol vuraq.
– Növbəti oyun “Turan Tovuz”a qarşı olacaq. Rəqib son vaxtlar inamlı təsir bağışlayır. Oyunla bağlı nə düşünürsüz? Çətin olmayacaq?
– Hamımız bilirik ki, “Turan Tovuz” çox intizamlı komadadır. Çox az boşluq verirlər. Üstəlik, indi yaxşı formadadırlar. Bizi çətin oyun gözləyir. Amma biz də matça ciddi hazırlaşırıq. Qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik.
– Bu mövsüm şəxsi çıxışınız barədə nə deyə bilərsiniz? Sizi qane edir?
– Öz çıxışımdan heç vaxt razı deyiləm. Daha yaxşısını edə bilərəm. Məqsədim hər oyunda meydana çıxıb maksimum gücümü ortaya qoymaqdır. Amma çıxışımla bağlı suala baş məşqçimiz daha yaxşı cavab verə bilər.