Fernandu Santuş: "İsveçin heyətində çox təhlükəli oyunçular var"
“Futbolçularımız çətin matça çıxacaqlarının fərqindədirlər. Buna baxmayaraq, onlarda qələbə istəyi görürəm”.
Msport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının C Divizionunda Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis bütün fikirlərini sabahkı matça yönəltdiklərini bildirib: “Hələlik bir məşq keçmişik. Bu gün ikinci məşqimizə çıxacağıq. Rəqibi analiz etmişik. Bilirik ki, çox təhlükəli oyunçuları var. Son dörd oyunlarını izləmişik. Mənfi və müsbət tərəflərini ortaya çıxarmışıq. Əks-hücum və müdafiə taktikalarını futbolçularla müzakirə etmişik. Komandamıza rəqib hücum edərkən hansı tərzdə müdafiə olunacağımızı izah etmişik”.
Portuqaliyalı çalışdırıcı futbolçuların fiziki durumundan razı olduğunu vurğulayıb: “Oyunçular haqqında individual olaraq danışmağı xoşlamıram. Sabah hamı kimin nəyə qadir olduğunu görəcək”.
Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan–İsveç görüşü saat 20:00-da başlayacaq.