FİF bölgə klubuna sponsor tapdı
Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə I Liqada çıxış edən “Zaqatala” klubu və “Music Gallery” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Msport.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan FİF-in icraçı direktoru Tural Piriyev ölkə futboluna daha bir özəl sektor nümayəndəsinin cəlb olunmasından qürur duyduğunu bildirib və “AGA Group”un rəhbərliyinə bölgə klubuna dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, fond “Zaqatala”ya bir çox sahədə dəstək olur. Bu il üçün qarşıya qoyulan əsas məqsədlər klubun dayanıqlı inkişaf strategiyasının hazırlanması, gəlirlərin diversifikasiyası və idarəetmə strukturunun təkmilləşdirilməsidir. Gəlirlərin diversifikasiyası ilə əlaqədar hazırda “Biznes klub” layihəsi tətbiq olunur və oyun günü gəlirlərinin artırılması yönündə işlər aparılır.