Fransalı müdafiəçi: “O, məni “Zirə”yə keçməyə inandırdı”
“Zirə”nin fransalı müdafiəçisi Moiz Adileunun Msport.az saytına müsahibəsi
– Təlim-məşq toplanışı necə keçdi? Komanda mövsümün 2-ci yarısına neçə faiz hazırdır?
– Hazırlıq prosesi çox yaxşı keçdi. Əla hazırlıq keçdik. Növbəti oyuna, ümumilikdə isə çempionata 100 faiz hazırıq.
– Yoxlama oyunlarındakı nəticələri necə qiymətləndirirsiz?
– İlk matçın birinci hissəsinə tam baxa bilmədim. Çünki həmin vaxt isinmə hərəkətləri edirdik. Start heyətində meydana çıxdığım sonrakı 2 görüş üçün onu deyə bilərəm, qarşılaşma çox yaxşı alındı. Qol buraxmadıq və əla oyun göstərdik.
– Azərbaycana, bizim futbola uyğunlaşa bilmisiz?
– Bəli, çox tez uyğunlaşdım. Həmçinin, təcrübəm də mənə kömək etdi.
– Burada sizi ən çox təəccübləndirən nə oldu?
– Komandaların keyfiyyəti mənim üçün sürpriz oldu. Ən çox buna təəccübləndim.
– Fransa, Sloveniya, Yunanıstan, Türkiyə və Niderlanddan sonra Azərbaycana gəlib burada oynamaq sizin üçün çətin deyil?
– Burada mənə çətinlik yaradan xüsusi bir şey yoxdur. Hər ölkənin öz çətinliyi var.
– Kifayət qədər yaxşı komandaların formasını geyinmisiz. Həmin klublarda möhkəmlənə bilməməyinizə hansı amillər səbəb olub?
– Niderlandda 2 mövsüm qalsam da, uyğunlaşa bilmədim. Bəzən inkişaf edə biləcəyinizi anladığınız zaman olduğunuz yeri tərk etmək daha yaxşıdır.
– “Zirə”dən təklif gələndə kiminləsə məsləhətləşdiz?
– Bəli. Hamidu Keyta ilə danışdım. O, məni “Zirə”yə keçməyə inandırdı.
– Daha əvvəl ölkəmiz, çempionatımız haqqında hər hansı bilgiyə sahib idiniz?
– Düzünü desəm, oyunlara baxmırdım. Amma “Neftçi”, “Qarabağ”, həmçinin 1 il əvvəl məni istəyən “Sabah” kimi komandaları tanıyırdım.
– “Zirə”nin bu mövsüm mükafatçılar sırasına düşüb avrokuboklara vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsiniz?
– Bunu etmək üçün qarşıda kifayət qədər oyun var. Əminəm ki, vəziyyəti xeyrimizə dəyişə biləcəyik.
CAHİD