"Görünən odur ki, məndən sonra də nəticələr düzəlmədi" - Sənan Qurbanov
Msport.az “Qarabağ”a 0:8 hesablı məğlubiyyətdən sonra “Şamaxı”nın baş məşqçi postundan ayrılan Sənan Qurbanovla söhbətləşib.
– Komandadan ayrılmağınızdan təxminən bir aya yaxın vaxt keçib. Yəqin ki, artıq soyuq başla analiz etmisiniz, niyə belə oldu? İdeyalarınızı həyata keçirə bilmədiniz?
- Bir aya yaxındır ki, işsizəm və evdəyəm. Təbii ki, niyə belə olduğunu soyuq başla analiz etməyə çalışıram. Mövsümün əvvəlindən, hələ avrokuboklar başlamamışdan tutduğum bütün planlara baxıram. Təlim-məşq toplanışını harda keçdik, istədiyimiz kimi alındımı? Ürəyimiz istəyən transferlər reallaşdımı? Bütün məşq prosesləri, individual danışıqlar – hamısını yenidən xatırlayıram, nəzərdən keçirirəm. Əlbəttə, müəyyən səhv addımlarımız da oldu, doğru qərarlarımız da. Bütün bunları bir daha beynimdə fikirləşirəm, təhlil edirəm.
- “Qarabağ”la oyunda nə baş verdi? Niyə elə böyükhesablı məğlubiyyət?
- Həmin vaxt oyun gününə kimi gözlədim ki, 5 futbolçu bəlkə meydana çıxa bildi. Çünki bizdə bir futbolçu belə heyətdə olmayanda artıq böyük itki sayılır. “Qarabağ”la görüşdən əvvəl isə 5 futbolçu- Merab Qiqauri, Felipe Santos, Sadio Tounkara, Tərlan Quliyev və Pərviz Azadov müxtəlif səbəblərdən komandaya kömək edə bilmirdilər. Bundan başqa, daha iki futbolçumuz da “Qarabağ”la oyuna zədəli çıxmışdı. Onları çalışdıq ki, məcburən heyətə qoyaq. Bizim komandada bir futbolçunun olmaması özünü o dəqiqə göstərirdi. O ki qala birdən-birə 5 nəfər “Qarabağ”a qarşı oynamasın. Bəlkə də başqa komandanın qarşısında tab gətirmək olardi. Amma “Qarabağ”a qarşı yox. Həm də rəqib tam optimal, güclü heyətlə meydana çıxdı və oyun belə bir faciəvi nəticə ilə başa çatdı.
– Komandanın uğursuzluğunda özünüzü nə dərəcədə günahkar sayırsınız?
- Əlbəttə, komandanın belə çıxış etməsində özümü də günahkar bilirəm. Amma işə çox ciddi yanaşan biriyəm. Bunu komandada hər kəs görürdü. Yəni mən işimi sevən adamam.
- “Keşlə (indiki “Şamaxı”) son illərdə tez-tez baş məşqçi dəyişir. Belə bir fikir formalaşıb ki, klubun prezidenti Zaur Axundovla dil tapmaq çətin məsələdir. Sizin rəhbərliklə münasibətiniz necə idi?
- “Keşlə” son illərdə doğrudan da çox məşqçi dəyişib. Amma mən bu komandada 15 ay çalışdım. Və yekunda işimizin nəticəsi, futbolçuların əzmkarlığı və bütün kollektivin birliyi ilə Azərbaycan kubokunu qazandıq. Xatırlayıram ki, o titulu qazanarkən çox sevinirdik. Sırf işin, əziyyətin bəhrəsi idi deyə, daha çox sevinirdik. Həmi vaxt o heyətlə “Keşlə” üçün mövsümü titulla başa vurmaq çox böyük uğur idi.
- Qış transfer “pəncərəsi”ndə heyət yetərincə gücləndirildimi, yoxsa daha çox futbolçu alınmasını istəyirdiniz?
- Əlbəttə, qışda ürəyimiz istəyən oyunçuları transfer edə bilmədik. Bu, maliyyə çətinlikləri ilə bağlı idi. Yalnız Franko Flores gəldi komandaya. O da əvəllər “Keşlə”də çıxış etmişdi. Yəni məcburiyyətdən reallaşan transfer idi. Çünki maliyyə vəziyyəti elə də yaxşı deyildi. Bir də Natan Oduva alındı. O da 3 ilə yaxın idi, futbol oynamamışdı. Ona da şans verdik ki, özünü göstərsin. Bir sözlə, transferlərlə bağlı çətinliklər oldu, bu da maddi vəziyyətlə əlaqədar idi.
- Sizin haqqınızda bir fikir də səslənir ki, ağır fiziki məşqlər verirdiz və heyətdəki futbolçular bu yükləməyə tab gətirəcək gücdə deyildilər. Hətta o vaxtkı “Qəbələ” ilə də müqayisə olunur ki, Qriqorçukun dövründə bahalı, səviyyəli futbolçular olduğundan onlar hər cür yükləməyə dözürdülər.
- Məşq prosesində bir həftəlik proqram var, ona əsasən işləyirdik. Orda hər şey nəzərə alınıb. Əlbəttə, hazırlıqda futbolçuların durumu da çox önəmlidir. Məşqlər intensiv olur, burda güc də tələb olunur, dözümlülük də. Həftə boyu bu plana əsaəsən işləyirdik. Futbolçular da özlərinə fikir verməlidirlər. Bütün bu yükləmələri götürə bilmək üçün yorğun olmamalıdırlar. Qriqorçukun dönəmindəki “Qəbələ” ilə müqayisə etsək, orda futbolçuların səviyyəsi tam fərqli idi. Onlar daha dözümlü, daha ağır qrafikə hazırlıqlı idilər. Bu iki komandanın futbolçuları arasında təbii ki, fərq böyükdür.
- Sizin gedişinizdən sonra Rüstəm Əliyev baş məşqçi postuna təyin olundu. Bu təyinat sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Rüstəm Əliyev əvəzedici heyətin məşqçisi idi. O da uzun müddət idi ki, bu klubda çalışırdı. Yəni komandada hamının tanıdığı bir insandır. Bəlkə də başqa məşqçi də təyin edə bilərdilər. Amma Rüstəmə etimad göstərdilər. Ona da uğurlar arzu edirəm.
- Rüstəm Əliyevin belə bir açıqlaması var idi ki, mən uzun müddət idi ki, bu şansı gözləyirdim.
- Əvəzedici komandada işləyə-işləyə belə şans gözləyirdisə, onun öz işidir. Rəhbərlik də onu baş məşqçi postuna təyin etdi. Gərək şansından yararlansın. Müsahibələrini oxuyuram, onun üçün də hələ ürəkaçan bir şey yoxdur.
- Sizin gedişinizdən sonra “Şamaxı” üç oyun keçirib və 2 məğlubiyyət, bir heç-heçə ediblər. Belə çıxır ki, problem sizdən qaynaqlanmırdı?
- Mən gedəndən sonra 3 oyunun ikisində uduzublar. Dünən də “Sumqayıt”la matçı izlədim. Əlbəttə, yaxşı oynamadılar. Bundan başqa, “Sabah”a 1:5 hesablı məğlubiyyət də var. Bilmirəm, bu suala necə cavab verim. “Qarabağ”a məğlubiyyətdən sonra qarşılıqlı razılaşma ilə mən klubdan getdim. Mənim komanda, futbolçularla heç bir problemim yox idi. Sırf işə köklənən bir insanam. Ona görə də bilmirəm, bu problem məndən qaynaqlanırdı, ya yox. Sadəcə, həmin vaxt belə qərar verdik. Ancaq görünən odur ki, məndən sonra da nəticələr düzəlmədi. Artıq sona 2 tur qalıb. Əsas məqsəd “Şamaxı”nın 6-cı pillədə yerini qorumasıdır. Çünki heç kim Premyer Liqada sonuncu olmaq istəmir.
- Tərlan Quliyevlə Tural Axundovun komandadan uzaqlaşdırılması barədə xəbər yayılmışdı. Sonradan futbolçular bunu təkzib etdilər. Amma son 2 oyunda onlar meydana çıxmayıblar.
- Həm Tərlan, həm də Tural təcrübəli futbolçulardır. Onlar ötən mövsüm də, bu çempionatda da komandanın uğuru üçün əllərindən gələni edirlər. Ötən mövsüm Azərbaycan kubokunu qazanmağımızda onların da böyük rolu oldu. Mən də eşitdim ki, əvəzedici heyətə göndəriliblər. Son iki oyunda meydana çıxmasalar da, “Sumqayıt”la matçda adları iştirak ərizsinə daxil edilmişdi. Komandanın daxilində nə baş verir, bundan xəbərsizəm. Artıq onların başqa baş məşqçisi var. Ona görə də bu məsələlərlə maraqlanmıram.