featured-image-45918

Azərbaycan Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Oyun haqda çox danışmaq istəmirəm, əsəbiyəm. Hakimlər sağ olsunlar.

– Penalti epizodu haqda fikirləriniz nədir? 
– Artıq hakimlərdən danışmaqdan yorulmuşam. Ancaq onlar dəlləkliyi bizim üstümüzdə öyrənirlər. Epizodları görmürsənsə, hakimlik etmə. Futbolçunun ağzı qanayır, özü edib? Hakimsənsə, bunu görməlisən. Hakimlər haqda necə danışmayasan? Yeni yaranmış komandayıq, futbol oynamaq istəyirik… Nə bilim… Danışandan sonra deyirlər, günahını hakimlərin üstünə atırsan. Ötən tur Elçin Məsiyev qırmızı vərəqə verdi. Amma danışmadım, çünki öz səhvimizdən azlıqda qalmışdıq. Amma bu gün baxırsan ki, 3-4 epizodu görmürlər. Hücuma çıxırıq, oyunu saxlayır. Barış Şimşek də gəlir, arada futboldan danışır. Sağ olsunlar.

– Bir az da özünüzdən danışaq. Kuzmanoviç yanvardan sonra performansında eniş yaşayır. Bu, nə ilə bağlıdır? 
–  O, lider deyildi. Komandaya yeni qoşulmuşdu və üstün cəhətləri var. Komandalar da bizi təhlil edir, Kuzmanoviçin üstün tərəflərini bilirlər. Onu tərk silah edirlər. O, meydanda kifayət qaçır, amma fərdi epizodlarda uğursuz olur. İmkanları dəyərləndirə bilməyəndə özünə qapanır. “Qəbələ” ilə oyunda səhv etdi, bu gün oynatmamalıydıq. Amma şans verdik ki, özünü göstərsin.

– Fikirlər var ki, komandanı indi digər klublar da tanıyır və ona görə gücünə uyğun pillədə yer alıb. Bu fikirlərlə razısınız?
– Əsla belə fikirləşmirəm. Yeni transferlər etmədik. Komandada eniş olduğunu deməzdim. Sanki xof yaranıb, “Araz-Naxçıvan”ı yuxarı sıralarda görmək istəmirlər. Bizə vurulan qollardan hamı danışır, amma cəzalanmırlar. Bizim işimizi kölgədə saxlayırlar. “Sumqayıt”la qış fasiləsindən sonra yaxşı oyunlarımız olub. Eniş olduğunu deməzdim, ancaq bəli, bəzi oyunlar ola bilər ki, tələbləri qarşılaya bilməyək. Bu gün bizim yerli futbolçularımız ötən il stabil futbol oynamayıb. Yerli oyunçu baxımından  kasadlığımız var. Dəyişikliklər edib, oyunu gücləndirə bilmirik. Ona görə kimisə məcbur edib, meydana buraxırıq. Komandada rəngarənglik yoxdur.

– “Araz-Naxçıvan”ın yuxarı sıralarda olmasını istəməyənlər olduğunu dediz. Bu, hakim səhvləri ilə bağlıdır?
– Futbolçunun ağzından qan gəlir və hakim vecinə almırsa, nə fikirləşir bəs? Penalti epizoduna gedək baxaq, kim orda qayda pozuntusu görəcək? Bəlkə, mən futbolu bilmirəm? Qapıçı ayağını çəkir ki, futbolçuya dəyməsin. Amma topdan sonra oyunçu özünü yerə atır.

– Hakim səhvləri bilərəkdən olur?
– Demirəm, amma səhvlər bizə qarşı olur.

– Sizcə, bu qədər səhvlərə səbəb nədir? Bununla bağlı AFFA rəsmilərindən, Hakimlər Komitəsindən kiməsə şikayət etmisiniz? 
– Məncə, səhvlər davam edəcək. Buna öyrəşməliyik. Artıq neçə oyundur bu hallar təkrarlanır. Hakimlərə təyinat verən fikirləşsin. Türkiyədə klub prezidenti meydana girib, hakimi vurdu. Görün, onu nə vəziyyətə gətirmişdilər?

– Buna haqq qazandırırsınız?
– Xeyr, amma klub rəsmisi nə hala gəlib ki, bunu edib. Adamlar 5 turdan 4-də məni “vurur”. Hər dəfə eyni səhvlər olur. Futbolçunun ağzından qan gəlirsə, necə qayda pozuntusu olmaya bilər? Həmin epizodun davamında da mübahisəli penalti. Həmin emosiya ilə futbolçu oynaya bilməz. Burdan çıxış yoxdur, artıq imkan vermirlər. Kimə nə deyim?

– Gəlin etiraf edək ki, “Araz-Naxçıvan” da 100 faizlik epizod yarada bilmədi…
– Neçə epizodda hakim hücumun davam etdirilməsinə imkan vermədi? Hücuma çıxırıq, oyun dayanır. O vaxtlar hakimlər var idi ki, komandaların meydanı keçməsinə imkan vermirdi. İndi də vəziyyət belədir.

– Bu hakim qərəzliyi “yuxarıdan” qaynaqlanır, ya onların bacardıqları budur?
– Nəsə desəm, nəfsimə uyğun danışmış olaram. Nəfsimə görə nəyəsə cavab vermərəm. Sizlər situasiyanı yaxşı görürsünüz. (Futbolpress)

Bənzər xəbərlər