featured-image-15600

“Səbail”in portuqaliyalı hücumçusu Luvaqa Kizitonun Msport.az saytına müsahibəsi

– Son turda evdə “Şamaxı”nı məğlub edə bilmədiniz. Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı…
– Hesab edirəm ki, qalib gəlmək üçün tam potensialımız var idi. Amma qırmızı vərəqə həqiqətən bizə çox təsir etdi. Azlıqda qalmağımıza baxmayaraq, yenə də qol vurmaq üçün çoxlu imkanımız oldu. Ümumilikdə, komanda 60 dəqiqə bir nəfər azlıqda oynasa da, xal qazanmaq üçün əla mübarizə apardı.

– Matçdan sonra hakim qərarları çox müzakirə olundu. Siz bu barədə nə deyə bilərsiniz?
– Əlbəttə, bəzi qərarlar gülməli idi. Amma bu, futboldur.

– Bir epizodda laysman yan xəttdən ötürmə zamanı sizin oyundankənar vəziyyətdə olduğunuzu bildirdi və bayrağını qaldırdı. Nə vaxtsa belə bir halla qarşılaşmısınız?
– Xeyr, heç vaxt belə şey görməmişəm. Çünki qaydalar kifayət qədər aydındır. Top yan xətdən oyuna daxil edilərkən ofsayd olmur.

– Ümumiyyətlə, hakimlərin sizin oyunlarınızdakı idarəçiliyini necə qiymətləndirirsiniz?
– Bizə qarşı çox haqsızlıq olur. Bu isə hər dəfə xal itirməyimizlə nəticələnir.

– Bir az da buradakı həyat tərzinizdən danışaq. Özünüzü Azərbaycanda necə hiss edirsiniz?
– Bu, mənim üçün yeni təcrübədir. Burada çox şey öyrənirəm və bütün çatışmazlıqları aradan qaldırmağa çalışıram . İndi özümü evdəki kimi hiss etməyə başlamışam.

– Azərbaycan futboluna adaptasiya prosesi necə gedir?
– Bunun üzərində çox işləyirəm. Çünki zədə səbəbindən bir müddət komandadan ayrı qaldım. Bu isə mənə adaptasiya ilə bağlı problem yaratdı. Hazırda məşqçilər heyətinin də köməyi ilə komandanın oyun üslubuna uyğunlaşmağa çalışıram. Düzgün yolda olduğumu düşünürəm.

– Bakı haqqında nə düşünürsünüz?
– Bakı gözəl şəhərdir və bir çox yerlərə asan çıxışı var. Mən bu şəhəri sevirəm.

 

Bənzər xəbərlər