featured-image-33415

Azərbaycan millisinin sabiq baş məşqçisi Əsgər Abdullayevin Msport.az saytına müsahibəsi

– Əsgər müəllim, yayılan məlumatlara inansaq, “İmişli” komandasının sükanı arxasına keçəcəyiniz iddia olunur. Doğru məlumatdı?
– Hələlik şifahi təklif olub. Ona görə də indidən nəsə deyə bilmərəm. Çağırıb danışmalıdırlar. Fikirləri varsa, yəqin ki, görüşəcəklər.

– Komandanın iddiasından, hədəflərindən xəbəriniz var?
– Xəbərim yoxdur. Amma mən heç vaxt iddiası olmayan komandada işləmərəm.

– Əvvəllər I Divizionda çalışmısınız. Aşağı liqada işləmək təcrübəniz var. Yəqin ki, çətin olmayacaq…
– Bəli, işləmişəm. Ümid edirəm ki, olmaz.

– Məsələyə tam olaraq nə zaman aydınlıq gələcək?
– Dəqiq vaxt deyə bilmərəm. Amma təyinat baş tutsa, hamının xəbəri olacaq.

– Klubla bağlı özünüz hər hansı araşdırma aparmısınızmı? Şəraiti necədir, getməyə dəyərmi?
– Bilirsiniz ki, İmişlinin “MKT Araz” komandası yüksək liqada oynayıb. Normal fikirlər, uzunmüddətli layihə olsa, getməyə dəyər. Bunun üçün gərək əvvəlcə onların fikirlərini dinləyim.

Yeri gəlmişkən, Azərbaycan futbolunda I və II liqalar yaradıldı. Buna münasibətinizi bilmək maraqlı olardı…
– Məncə, çox yaxşı ideyadır. I Liqanın 7-8 komandası bölgələri təmsil edir. Futbolun inkişafı üçün düzgün addımdır.

– Düzdür, bir tərəfdən klub sayının artmasına sevinirik. Amma keçmişlə bağlı kifayət qədər acı reallıqlar var. Məsələn, mövsümün ortasında hansısa komanda maliyyə və ya başqa səbəbdən liqadakı çıxışını dayandıra bilərmi?
– Fikrimcə, belə bir hal baş verməz. Çünki komandaların hamısı dövlət tərəfindən maliyyələşdirilir. Nəyə görə də fəaliyyətləri davamlı olmasın?

– Məsələn, yanlış idarəçiliyə görə…
– Ona görə də klubların başına yanlış adamları qoymaq lazım deyil. Komandalar idarəçiliyi bacaran adamlara etibar olunmalıdır.

– Mövzunu bir qədər dəyişək. Yəqin, bilirsiz, “Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu oldu. Rəhbərlik ruminiyalı Laurentsiu Regekampfı həmyerlisi ilə əvəzlədi. Sizcə, doğru addımdır?
– Əvvəlcədən proqnoz vermək düzgün deyil. Gəlin, bir müddət gözləyək, sonra sözümüzü deyərik. Xeyirli olsun. Biz də istəyirik ki, “Neftçi” uğur qazansın. Çünki bu komanda daha yaxşı yerlərə layiqdir. “Neftçi” mənim üçün Azərbaycan futbolunun şah əsəridir.

– Razıyam, Mutunu tənqid etmək və tərifləmək üçün tezdir. Amma burada bəzi məqamlar var. Məsələn, Regekampf Mutudan daha təcrübəli idi. İkincisi, gənc mütəxəssisin adı müxtəlif qalmaqallarda hallanıb…
– Yenə deyirəm, gəlin, zamanı qabaqlamayaq. Görək, necə olacaq. Zaman həm həkimdir, həm də hakim.

Mutunun bütün köməkçiləri öz həmyerliləridir. Necə düşünürsünüz, ən azı 1-2 məşqçi azərbaycanlı seçilsəydi, yaxşı olmazdımı?
– Məncə, bunu etmək mümkün idi. Yəqin, baş məşqçinin istəyilə belə olub. Amma yerli gənc mütəxəssislərə etibar etmək olardı.

– Artıq avrokuboklar mövsümü başladı. Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” Cəbəllütariqdə “Linkoln” üzərində çətin qələbə qazandı. Təqribən 2 həftədən sonra digər klublarımız – “Sabah”, “Neftçi” və “Qəbələ” isə Konfrans Liqasında mübarizəyə başlayacaq. Şansları necə qiymətləndirirsiniz?
– Başda “Qarabağ” olmaqla, bütün klublarımıza uğurlar arzulayırım. Arzumuz odur ki, mümkün qədər irəli gedib bizi sevindirsinlər.

Arzu-istək öz yerində. Uğur qazanmalarını biz də istəyirik. Bəs, reallıq nə deyir?
– “Qarabağ” və “Sabah” yaxşı vəziyyətdədir. Bu komandalara inam böyükdür. “Neftçi” və “Qəbələ”də isə qeyri-müəyyənlikdir. Bu baxımdan işləri asan olmayacaq.

CAHİD

Bənzər xəbərlər