İki boksçumuz finalda
Macarıstanda Eqer şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub.
Msport.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı da mübarizə aparıb.
60 kq-da Tağı Nəsibov yerli Daniel Frankla qarşılaşıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə qələbə qazanaraq finala yüksəlib. O, həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gələcək.
Abbasqulu Şadlinski (71 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. O, yarımfinalda Rastislav Aniskodan (Slovakiya) güclü olub – 5:0 (29:27, 29:28, 29:28, 29:28, 29:28). Şadlinski finalda Arpad Jamborla (Macarıstan) qarşılaşacaq.
Qeyd edək ki, finallar bu gün keçiriləcək.