İki boksçumuz yarımfinalda
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.
Msport.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı mərhələ adlayıb.
Aylin Nəzərova (48 kq) 1/4 final çərçivəsində Atina Papanikolopou (Yunanıstan) ilə qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda italiyalı Giorgia La Rosa ilə üz-üzə gələcək.
Əminə Tağı da 1/4 final mərhələsini uğurla başa vurub. 52 kq-da mübarizə aparan milli üzvü Yuliana Tyurnikovaya (Moldova) 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə rumıniyalı Maria Semeniçiuçlə qarşılaşacaq.
Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, Avropa birinciliyində yarımfinal döyüşləri iyunun 28-də keçiriləcək.