İndi hardadırlar? - Dario Melnyak
Msport.az “İndi hardadırlar?” rubrikasında vaxtilə ölkəmizdə çıxış etmiş futbolçuların indiki durumundan danışacaq.
Dario Melnyak 2016-cı ildə “Neftçi”yə Belçikanın “Lokeren” klubundan icarəyə gəlmişdi. Xorvatiyalı yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində cəmi 14 oyunda meydana çıxsa da, azarkeşlərin yadında qala bildi. Vəli Qasımovun vaxtında paytaxt klubuna cəlb olunan futbolçu UEFA Avropa Liqasında “Baltzan” və “Şkendiya” ilə matçlarda meydanda oldu.
“Neftçi” Malta klubuna səfərdə 2:0 hesabı ilə qalib gəlsə də, “Bakcell Arena”da 1:2 uduzdu, amma növbəti mərhələyə yüksələ bildi. Lakin “Şkendiya” səddi Azərbaycan klubu üçün keçərli olmadı – Bakıda 0:0 hesablı heç-heçə və Şimali Makedoniyada 0:1 məğubiyyət. Qeyd edək ki, Melnyak bu oyunların hamısında 90 dəqiqə meydanda olub.
2016-cı ilin dekabrında “Neftçi”dən ayrılan xorvatiyalı futbolçunun əsas uğurları bundan sonra başladı. Əvvəlcə qısa müddət vətənində – “Slaven Belupo”da icarə əsasında çıxış edən yarımmüdafiəçi 2017-nin sentyabrında “Domjale” ilə müqavilə bağladı. O, Sloveniya klubunda 51oyunda meydana çıxıb, 10 qol vurdu. Dario “Domjale”nin 2018-ci ildə “Şiroki Brieq”i Avropa Liqasında mübarizədən kənarlaşdırmasında da önəmli rol oynadı. Xorvatiyalı oyunçu Bosniya və Herseqovina təmsilçisi ilə hər iki matçda fərqləndi.
Melnyakın “Domjale”dəki performansı “Rizespor” klubu rəsmilərinin diqqətini cəlb etdi və o, 2019-cu ilin qışında Türkiyə Super Liqası klubuna transfer olundu. Yarımmüdafiəçi “Rizespor”da çıxış etdiyi 2 il ərzində 80 matçda 7 qol vurdu və 9 məhsuldar ötürmə verdi. Melnyakın “Fənər”lə qarşılaşmada dubl etməsi xüsusi ilə yadda qalan olur.
Türkiyə çempionatındakı parlaq oyunu nəticəsində Dario 2019-cu ilin iyunun 11-də Xorvatiya millisində debüt edir. O, artıq yığmada 8 matçda forma geyinib.
Ötən ilin sentyabrında “Rizespor”dan azad agent kimi ayrılan futbolçu vətəninə – “Hayduk”a qayıtdı. Melnyak bir tur öncə “Hayduk”un heyətində Zaqreb “Dinamo”suna qarşı oyunda Mahir Emreliyə rəqib oldu.