featured-image-994

Msport.az “İndi hardadırlar?” rubrikasında vaxtilə ölkəmizdə çıxış etmiş futbolçuların indiki durumundan danışacaq.

O, “Simurq”da cəmi iki mövsüm çıxış etsə də, zaqatalalı azarkeşlər hələ də onu unutmayıblar.  Taran tipli ucaboy forvard yerli publikanın sevimlisinə çevirilmişdi. Azərbaycandan ayrıldıqdan sonra bir neçə dəfə yenidən ölkəmizdə oynayacağı ilə bağlı xəbərlər yayılsa da, bu, baş vermədi.

Draqan Çeran “Simurq”a 2013-cü ildə İsrail çempionatından – “Makkabi Netanya” klubundan gəldi. Serbiyalı hücumçu Azərbaycan çempionatındakı ilk mövsümdə 31 oyuna 13 qol vuraraq, bombardirlər yarışında yalnız Reynaldo (“Qarabağ”, 22 qol) və Vaqif Cavadovdan (“İnter”, 14) geri qaldı. Çeranın bu cür məhsuldar oyunu “Simurq”un avrokuboklara getməsinə kömək etmədi. “Simurq” 10 komandalı çempionatda 7-ci yeri tutdu.

Çeran 2014/2015-ci illər mövsümündə göstəricisini bir qədər də yaxşılaşdırdı. Bu dəfə o, 26 oyunda 14 dəfə fərqləndi və bombardirlər yarışında yalnız hazırda Nepalda oynayan Nurlan Novruzovdan 1 top geri qaldı. Amma “Simurq” yenə avrokuboklardan kənarda qaldı. Georgi Çixradzenin rəhbərlik etdiyi komanda mövsümü 5-ci yerdə başa vurdu.

Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankın prezidenti vəzifəsindən çıxarılması və daha sonra həbs olunması “Simurq”un da dağılmasına gətirib çıxardı. Çeran isə 2015-ci ildə Səudiyyə Ərəbistanına yollanaraq “Əl Şola” klubu ilə müqavilə bağladı. Yeri gəlmişkən, bu komandanı vaxtilə ölkəmizdə işləyən Qyoko Hacıevski çalışdırır. Səudiyyə Ərəbistanında çox davam gətirə bilməyən futbolçu 2016-da Makedoniya “Vardar”ına keçdi. Skopye klubunda 12 oyun keçirən Çeranın növbəti dayanacağı Özbəkistan oldu.

“Nasaf”la anlaşan hücumçu bu komandada iki ildə 48 oyunda 34 qol vurdu. Serbiyalı futbolçu 2017-də “Nasaf”ın heyətində 19 qol vuraraq Özbəkistanda mövsümün ən sərrast 2-ci oyunçusu oldu.

2018-ci ildə “Paxtakorla” müqavilə bağlayan forvard indiyə qədər Daşkənd klubunun formasını geyinir. O, “Paxtakor”un heyətində 2 dəfə Özbəkistan çempionluğunun sevincini yaşayıb. Bundan başqa, Çeran 2019-da 23 qolla liqanın bombardiri olur və mövsümün ən yaxşı futbolçusu seçilir.

34 yaşlı futbolçu hələ də yaxşı formadadır. Təsadüfi deyil ki, yeni start götürən mövsümdə də 4 matçda 3 dəfə fərqlənib. Çeran “Novbahor”la aprelin 1-də keçirilən oyunda (1:0) Özbəkistan çempionatlarında 100-cü qolunu vurub.

 

Bənzər xəbərlər