featured-image-35272

Peşəkar Futbol Liqası (PFL) yeni mövsümdən I Liqada iştirak edəcək “İrəvan” klubu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qurumun media və marketinq direktoru Sənan Abdullayev Msport.az saytına açıqlamasında bütün klublarla bağlı təftişin davam etdiyini söyləyib.

PFL rəsmisinin sözlərinə görə, indiki məqamda “İrəvan”ı çempionata buraxmamaq üçün hansısa əss yoxdur: “I Liqa komandaları ilə görüş keçirəndə “İrəvan”ın nümayəndələri də gəlmişdi. Real vəziyyət ondan ibarətdir ki, bu məsələlər klubla müzakirə olunmalıdır. Hazırkı durumda komandanın prezidenti Zahid Niyazəliyevlə bağlı hər hansı cinayət işi, heç bir sübut yoxdur. Biz tək “İrəvan” yox, istənilən klub barədə şikayət olanda diqqətdə saxlayırıq. Amma kiməsə ittiham irəli sürə bilmərik. Ümumi şikayətlər yazı formasındadır və biz də buna uyğun davranırıq. Bütün klubların təftişi davam edir. Hazırda “İrəvan”ı I Liqaya buraxmamaq üçün əlimizdə heç bir sübut yoxdur. Amma təftiş mərhələsi çempionat başlayanadək davam edəcək. Heç kim də arxayın ola bilməz ki, hər şey hazırdı, bu komanda I Liqada oynaya biləcək. Hələ 100 faizlik heç nə yoxdur”.

Qeyd edək ki, mətbuatda “İrəvan” rəhbərliyinin komandaya dəvət etdiyi bütün futbolçulara yüksək məvacib söz verdiyi, rəsmi sənəddə isə məbləğ göstərmədiyi barədə məlumatlar yayılıb. Hətta bəzi oyunçuların komandanı bu səbəbdən tərk etdiyi iddia olunur.

Bənzər xəbərlər