"İstədiyimiz futbolçuları komandaya cəlb ediblər" - Cavid Hüseynov
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 1-ci turuda Qəbələdə “İmişli” ilə bərabərə qalıb – 1:1.
Msport.az xəbər verir ki, nominal meydan sahiblərinin baş məşqçisi Cavid Hüseynov oyunu dəyərləndirib:
– Yeni mövsümün başlaması münasibəti ilə futbol ictimaiyyətini təbrik edirəm. Bilirdik ki, çətin oyun olacaq. Bir az gecikməmiz oldu, 5 həftə məşq edə bildik. Ümumilikdə futbolçuların göstərdiyi mübarizədən razıyıq. Başa düşürük ki, potensialımız daha çoxdur. Məşqlərdə daha yaxşı hazırlaşıb qarşıdakı oyunlarda qələbələr qazanmaq istəyirik.
– Qarşıda ard-arda “Neftçi”, “Sabah” və “Qarabağ”la oyunlar gəlir. Komanda bu matçlara hazırdır?
– Bəli, bizi qarşıda ağır oyunlar gözləyir. Bu çempionat daha maraqlı olacaq. Bütün rəqiblərə qarşı eyni qaydada hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq.
– “Səbail”də rəhbərliklə problem yaşamışdız. “Araz-Naxçıvan”da rəhbərliyin dəstəyini hiss edirsiz?
– Fürsətdən istifadə edib rəhbərliyə təşəkkür etmək istəyirəm. Mənə çox dəstək olurlar. İstədiyimiz futbolçuları komandaya cəlb ediblər.
– Mamadu Kane oynamağa hazırdır?
– Komandaya ən son qoşulanlardan biri Kanedir. Ona görə çox da risk etmək istəmirik. Optimal formaya gəlməsi üçün hələ vaxt lazımdır. Fiziki durumunu düzəldəndən sonra onu meydanda görəcəyik.







