"İstərdim ki, Duran kimi futbolçu həmişə komandamızda qalsın" - Qurban Qurbanov
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ” İslandiyanın “Vestri” klubu ilə qarşılaşacaq.
Msport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Bu, bizim ilk matçımızdır. Komandada dəyişikliklər var və biz çalışırıq ki, problemlərimiz gözə çarpmasın. Təəssüf ki, müəyyən çatışmazlıqlar mövcuddur. Lakin ümumilikdə hazırlıq pis getmir. Zamanla hər şey öz yoluna düşəcək. Yaxşı bir kollektiv formalaşdırıb, azarkeşlərimizi qələbələrlə sevindirəcəyik”.
– Kamilo Duranın Şotlandiyanın “Seltik” klubuna transferi ilə bağlı vəziyyət hazırda hansı mərhələdədir?
– Duran hazırda “Seltik”in düşərgəsindədir. Bir neçə saat əvvəl onun tibbi müayinədən keçdiyi barədə məlumat aldıq. Əgər hər şey qaydasında olarsa, onun komandadan getmə ehtimalı böyükdür.
– Yeni transferlərinizin adaptasiya prosesi necə gedir?
– Bəzilərində yaxşı, bəzilərində nisbətən zəif alınır. Daha əvvəl qoşulanlar özlərini daha əmin hiss edirlər. Lakin gec qoşulanlarda bir az vəziyyət fərqlidir.
– Duranın gedişini nəzərə alsaq, hücum xətti barədə nə düşünürsünüz?
– Duran bizim əsas oyunçumuz idi. Avrokubok matçlarında o, özünü yaxşı tərəfdən göstərdi. Onda həm istək, həm də bacarıq var idi. Onun gedişi müəyyən boşluqlar yarada bilər. Biz Duranı itiririk, amma eyni zamanda təcrübəli klub olaraq Avropa bazarında varlığımız da vacibdir. Son vaxtlar “Qarabağ”dan nə qədər futbolçu xaricə yollanıb. Bu, özlüyündə bizim üçün əlavə üstünlükdür. Avropada bizə olan diqqət artır, getdikcə daha çox ölkə futbolçularımızı izləyir. Mən istərdim ki, Duran kimi oyunçu həmişə komandamızda qalsın. O, bir neçə mövqedə oynamağı bacarırdı. Yeni transferlərdən bəziləri isə sabah meydana çıxacaq.
– Durandan başqa daha kiminsə gedişi gözlənilirmi?
– Hazırda ciddi təklifləri olan futbolçularımız yoxdur. Kiminsə gediş ehtimalı barədə məlumatsızam.
– Cavab oyunu üçün İslandiyaya uzunmüddətli uçuşunuz olacaq. Bu, hansı çətinliklər yarada bilər?
– Mən heç vaxt püşkatmada rəqibləri ayırmamışam. Bu, mənim səlahiyyətimdə deyil. Biz həmişə Allahdan bizim üçün ən xeyirlisini istəmişik. Dəfələrlə olub ki, elə ilk mərhələdəcə güclü komandalarla düşmüşük, lakin mən yenə də razı qalmışam. Bəli, bizi 7 saat yarım davam edəcək uçuş gözləyir. Amma püşkatmadan sonra biz buna uyğun müvafiq proqram hazırlamışıq.
– Elvin Cəfərquliyev sabah meydana çıxacaq?
– Elvinin oynamaq ehtimalı var. Lakin onun start heyətində, yoxsa ehtiyat oyunçular skamyasından meydana daxil olacağı barədə qərar hələ verilməyib.







