featured-image-58392

İzmir’in dağlarında çiçekler açar.
İzmir’in dağlarında çiçekler açar.
Altın güneş orda sırmalar saçar.
Altın güneş orda sırmalar saçar.
Bozulmuş düşmanlar hep yel gibi kaçar.
Bozulmuş düşmanlar hep yel gibi kaçar.
Yaşa Mustafa Kemal Paşa, yaşa;
Adın yazılacak mücevher taşa.
Yaşa Mustafa Kemal Paşa, yaşa;
Adın yazılacak mücevher taşa.

Adnan Menderesin adını daşıyan İzmir Beynəlxalq Hava Limanından çıxıb taksi ilə şəhərin mərkəzində qalacağımız otelə tərəf gedəndə dodağımın altında bu marşı mızıldayırdım. Ege Dənizinin və Yamanlar Dağının xüsusi gözəllik verdiyi İzmirin mənzərələrinə baxanda adamın fikrindən bir şey keçir – Mustafa Kamal Atatürk 1922-ci ilin 9 sentyabrında (9 Eylül) şəhəri işğaldan xilas etməsəydi, indi buralarda nələr baş verirdi?!

İdman mediasının yaxın dostu “Etopaz”ın dəstəyi ilə İzmirə – “Göztəpə”nin oyununa getdiyimiz günlərdə bir şeyə əmin olduq, İzmir Atatürkün şəhəridir, burda Ata ilə nəfəs alır, özlərini onun nəvələri hesab edirlər. Şəhərin hər yerində, küçələrdə, meyhanələrdə, barlarda belə Atatürkün şəkillərinə rast gəlmək mümkündür. Bu barədə bir az sonra…

media-WhatsApp Image 2024-12-09 at 11.42.03

“Etopaz”dan söz düşmüşkən, bizə elə diqqət var idi ki, nağıllardakı Zümrüd quşu kimi hiss edirdik özümüzü – “qa” deyəndə ət, “qu” deyəndə su.

İzmir Türkiyənin heç bir yerinə, heç bir səmtinə bənzəməz. İzmir azad təfəkkürlü, Türkiyəni müasir, elmli, xurafatdan uzaq, inkişaf etmiş kimi görmək istəyən insanların şəhəridir. Atatürkün həyat yoldaşı Letife xanımın, Atatürkdən sonra Tükiyənin baş naziri olan İsmet İnönünün, mahnılarını əzbər bildiyimiz Sezen Aksunun, Kayahanın şəhəridir İzmir.

İzmirdə olduğum müddətdə məni ən çox təəccübləndirən küçə heyvanlarına olan münasibət idi. Xırdalanda dəstə ilə gəzən itlərdən fərqli olaraq, burda köpəklərin hamısının qulağında birka var. Həmkarım Əli ilə küçə itlərinin köklüyünə məəttəl qalmışdıq – bunlar nə yeyib-içir belə?

Türkiyənin bəzi şəhərlərindən fərqli olaraq, İzmirdə xanımlar hava qaraldıqdan sonra küçəyə çıxmağa qorxmurlar. Əksinə, şəhərə səfərimiz cümə və şənbə gününə təsadüf etdiyindən xanımların necə ürəkdən dincəldiyini, həftənin yoğunluğunu rakı və musiqi ilə çıxardığını gördük. Küçədə gedərkən xoşbəxt simalı, üzündən təbəssüm əskik olmayan xanımlar qarşımıza çıxdıqca dostum yaxşı bir söz dedi: “Bax, burda xanımları nəyəsə məcbur etmirlər, onlar ruhən azaddırlar, ona görə İzmir işıqlı şəhərdir”.

media-WhatsApp Image 2024-12-09 at 11.42.26

Bu işıqlı şəhərin sakinləri uzun illərdən sonra futbolda avrokubok həyəcanı yaşaya bilərlər. Stanimir Stoilovun rəhbərlik etdiyi “Göztepe” hazırda Türkiyə Superliqasında 6-ci yeri tutur. 57 yaşlı bolqarıstanlı mütəxəssis “sarı-qırmızılı” klubu Türkiyə I Liqasından Superliqaya çıxara bildi. Deyilənə görə, Stoilovun vaxtilə ölkəmizə gəlmək variantları da olub, “Neftçi” onunla maraqlanıb, amma sonda “ağ-qaralar” başqa məşqçi ilə anlaşıb.

media-WhatsApp Image 2024-12-09 at 11.41.13

“Göztepe” bu mövsüm “böyüklər”dən “Fənərbaxça” ilə evdə heç-heçə (2:2) edib, “Trabzonspor”u doğma divarlar arasında (2:1), “Beşiktaş”ı isə səfərdə məğlubiyyətə uğradıb – 4:2.

19 713 azarkeş tutumuna malik olan “Gürsel Aksel” stadionu tipik futbol arenasıdır. “Göztepe”nin oyunları zamanı stadionda fantastik ab-hava olur, ailəliklə matça gələnlər, Türkiyənin dövlət himni səsləndikdən sonra hamının bir ağızdan “Mustafa Kamalın əsgərləriyik” bağırması… Bu azarkeşlərə turnir cədvəlinin üst sıraları, avrokuboklar yaraşır.

media-WhatsApp Image 2024-12-09 at 11.41.31

“Göztepe”nin əfsanəsi Gürsel Tekinin adını daşıyan arena 2020-ci ildə köhnə stadionun yerində tikilib istifadəyə verilib. Binaların arasında olmasına görə stadion bir qədər “Neftçi Arena”ya oxşayır. Amma kənardan baxanda buranın stadion olmağı adamın ağlına gəlməz. Minimalist stildə tikilən qurğu təkcə futbol matçlarında deyil, insanların hər saatda faydalana biləcəyi bir məkandır. Burada uşaq əyləncə mərkəzləri, fitness zalı, kafelər, uşaq muzeyi, hər kəsin faydalana biləcəyi gəzinti sahəsi mövcuddur. “Göztepe” həm də Türkiyədə ilk klubdur ki, prezidenti əcnəbidir. 2022-ci ildə klubun səhmlərinin 70 faizini “Sport Republic” şirkəti aldı, danimarkalı yazar Rasmus Anker isə prezident oldu. Klubun icraçı direktoru isə vaxtilə Azərbaycanda “Caspiantech” QSC-nin İdarə Heyətinin sədri olmuş Kerem Ertandır. Onun ikinci dəfə “Göztepe”də yüksək posta gəlməsi yerli azarkeşləri xeyli ümidləndirib. Ertan 2018-ci ildə Ünal Aysal dövründə “Qalatasaray”da marketinq və sponsorluq sahəsində əsas söz sahiblərindən biri olub.

media-652281_med_gursel_aksel_stadyumu.jpg

“Göztepe” izlədiyimiz qarşılaşmada turnir cədvəlində sonuncu pillədə olan “Adana Demirspor” üzərində 3:1 hesabı ilə qələbə qazandı.

Oyundan sonra stadionun ətrafında taksi tapmaq çətin məsələ idi, buna görə təxminən 2 km yolu piyada getdik. Deyilənə görə, “Göztəpə”nin matçlarından sonra hər zaman belə olur. Gec də olsa gəlib çıxan taksi sürücüsü də fanatik “Göztepe” azarkeşi çıxdı. Şəhərin o tayındakı Karşıyakanı göstərib “35 buçuklar indi yanıb tökülürlər. Biz Superliqaya çıxanda o taydan şadyanalığımıza həsədlə baxırdılar”, – dedi.
Bayaqdan unudub “Göztepe” – “Karşıyaka” rəqabəti haqqında danışmamışam. I Liqalar tarixində azarkeş rekordu məhz İzmir derbisində qeydə alınıb – 16 may 1981-ci ildə keçirilən görüşü 80 min azarkeş izləyib. Maraqlıdır ki, karşıyakalılar özlərinə “karşıyakalıyık” deyirlər, izmirli adlandırmazlar. Eynən bizim ordubadlılar özlərini naxçıvanlı saymayan kimi.

Biz oyundan çıxanda şəhərin Konak, Alsancak, Güzelyalı hissəsi qələbənin sevincini yaşayırdı, Karşıyaka tərəfdə isə dərin bir səssizlik hökm sürürdü.

 

Bənzər xəbərlər