featured-image-15290

“Neftçi”nin sabiq futbolçusu Ahmed Ahmedovun Msport.az saytına müsahibəsi

Hazırda hansı komandada çıxış edirsiniz? İşləriniz necə gedir?

– Sofiya “Slaviya”sında oynayıram. Daha doğrusu, oynamağa çalışıram. Çox ağır zədədən çıxmışam. 8 ay yaşıl meydanlardan kənarda qaldım.

Keçmiş olsun. Zədə nə ilə bağlı idi?

– Yan diz bağlarım qopmuşdu. Əməliyyat olundum və uzun müddət oynamadım.

“Neftçi”dən ayrıldıqdan sonra müqavilə ilə məxsus olduğunuz MOİK-ə qayıtdınız. Bu komandada niyə qalmadınız?

– Müqaviləm başa çatdı. Oradakı son 6 ayda onsuz da zədədən əziyyət çəkirdim. Daha çox oynamaq üçün “Slaviya”ya keçdim.

Azərbaycan Premyer Liqasının oyunlarını izləmək imkanınız olur?

– Əlbəttə. Vaxt olduqca, “Neftçi”nin bütün görüşlərini izləməyə çalışıram. Orada yaxşı dostlarım var.

Kimlərlə münasibətiniz qalıb?

– Hamı ilə dost oldum. Mert Çeliklə daha yaxın idim. Kamran Quliyevdən başqa, demək olar ki, hamı ilə yaxşı münasibətlərim var. Orada gözəl günlər keçirmişəm.

Maraqlıdır, Kamran Quliyevlə aranızda nəsə baş verib?

– Çempion olduqdan sonra vəd etdiyi mükafatı komandanı tərk edən futbolçulara vermədi. Sonradan eşitdim ki, “Neftçi”də qalanlara mükafat ödənilib, gedənlər isə yada düşməyib. Əsas odur ki, çox gözəl çempionluq yaşadıq. Yaxşı dostlar qazandım. Həyatda puldan daha vacib şeylər var.

“Neftçi”nin bu mövsümki çıxışını necə dəyərləndirirsiniz?

– Düzdür, “Qarabağ” xal fərqini artırdı. Amma çempionluq şansları davam edir. “Neftçi” yaxşı komandadır.

Komanda qeyri-sabit çıxışı ilə diqqət çəkir…

– Klubun daxilində olmadığım üçün heç nə deyə bilmərəm. Ümid edirəm ki, hər şey düzələcək.

“Neftçi”yə uzun illərdən sonra çempionluq qazandıran qola imza atdınız. Amma komandada qalmadınız. Niyə sizinlə yola davam etmədilər?

– Müqaviləm 3 aylıq idi. Müddət başa çatdı, müqavilə ilə məxsus olduğum kluba qayıtdım. Belə məsləhət imiş. Onsuz da zədəm var idi, çox oynaya bilmirdim. Lakin Allah qismət etdi, çempionluq qolunu vurdum. Çox xoşbəxtəm.

Həmin qolu karyeranın ən yaxşısı adlandırmaq olar?

– Bəli, elədir. İndiyədək vurduğum ən vacib qoldur. Düzdür, daha əvvəl İsveçrə “Bazel”inə avrokubolarda son dəqiqə qolu vurmuşam. Amma həmin matçda mən fərqlənənə qədər hesabda irəlidə idik. Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmışdıq. Amma ən önəmli qolumu “Qarabağ”a vurmuşam.

– Ən azından bu qola görə sizə mükafat verilməliydi…

– Klub prezidenti elə qərar vermişdi. Nə etmək olar?

Yenidən Azərbaycanda oynamaq istərdiniz? Təklif olsa, gələrsiniz?

– Gələcəyi düşünmək istəmirəm. Hazırda ən böyük arzum əvvəlki formamı bərpa etməkdir. 8 ay oynamadım. İnanıram ki, yavaş-yavaş əvvəlki vəziyyətimə qayıdaram.

Bənzər xəbərlər