Kapitan əsəbləşdi: "Özümü kimə sübut etməliyəm ki?"
“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin Msport.az saytına müsahibəsi
– Premyer Liqanın son turunda evdə “Sumqayıt”a qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsiniz?
– Ağır olacağını bilirdik. Çünki rəqib Tovuza qələbə üçün gəlmişdi. Müdafiədən oynayıb, bizi əks hücumlarda tutmaq istəyirdilər. Çox qapalı oynayırdılar, müdafiəni yarmaqda çətinlik çəkirdik. Belə matçlarda ilk qolu vuran komanda qalib gəlir. Sona qədər səbr etdik. Standart vəziyyətlərin üstündə işləmişdik. Şükürlər olsun, sonda qələbə qazana bildik.
– Son dəqiqələrdə məhz sizin standartdan vəziyyətdən sonra vurduğunuz qolla qələbə qazandınız. Fərqlənəcəyinizi gözləyirdinizmi?
– Sevinirəm. Bu qolda bütün komandanın əməyi var. Hamısına təşəkkür edirəm. Hər birimiz sonadək mübarizə apardıq. Komandama qələbə qazandırmağım məni daha çox sevindirir. Meydanda əlimizdən gələni edirik. Matçdan öncə qol vuracağımı düşünmürdüm. Standart vəziyyətlər zamanı fərqlənməyə çalışıram. Gündəlik məşqlərdən sonra qalıb bunun üzərində işləyirik. Oyundan əvvəl həkimimiz mənə dedi ki, bu gün qol vuracaqsan (gülür). Bəlkə də hiss etmişdi.
– Qolu çox çılğın şəkildə qeyd etdiniz. Bu, nə ilə bağlı idi? Niyə sabiq komandanızı cəzalandırdığınız üçün bu qədər sevindiniz?
– Yox, belə deməzdim. Bu haqda ümumiyyətlə düşünmürdüm. Çünki əvvəllər də keçmiş komandalarıma qol vurmuşam. Bəlkə də oyunun sonları olduğu üçün belə alındı. Bilirsiniz, adam tamamilə matça köklənir. Əsəb, stres son həddə olur.
– Yəni, deyirsiniz ki, heç bir prinsipiallıq yox idi? Amma kənardan elə görünürdü ki, sanki kiməsə özünüzü sübut etmək istəyirsiniz…
– Özümü kimə sübut etməliyəm? Buna ehtiyac yoxdur. Yaxud da prinsipiallıq niyə olsun ki? Mən hər oyuna çıxanda öz komandama xeyir vermək istəyirəm. 2 il “Sumqayıt”ın şərəfini qorumuşam və geyindiyim formanın haqqını vermişəm. Heç bir küsülülüyüm yoxdur. Klubun rəhbərliyi, futbolçuları ilə münasibətlərim qaydasındadır. Onlara uğurlar arzu edirəm. Bu komandadan halallıqla ayrılmışam. İstəsəniz, özlərindən də soruşa bilərsiniz.
– Qol vurulan an baş məşqçiniz Ayxan Abbasov da çox sevindi və oyunsonrası mətbuat konfransında bildirdi ki, mesajımı lazımi adamlar aldılar…
– Bəli, Ayxan müəllim də qola çılğın reaksiya verdi. Dediyim kimi, bəlkə də son dəqiqələrdə vurulan qol oyunun taleyini həll etdiyi üçün bu cür sevindi.
– Mövsümün əvvəlində çoxu “Turan Tovuz”a inanmırdı…
– Yeni yığılmış komandayıq. Kimlərsə inanmaya bilərdi. Bizim üzərimizə düşən odur ki, məşqlərimizi edək, ideal formada qalaq. Müəyyən çətinliklərimiz var. Bəzən, zədəli futbolçularımız olur. Bununla bağlı əziyyət çəkirik. Amma meydana çıxanda hamı komandaya xeyir vermək istəyir. Bəlkə də komandadakı birlik və mehribanlıq nəticələrimizə təsir edir.
– Bu mövsüm üçün qarşısınıza hansı hədəf qoyulub?
– Qarşımıza hansısa vəzifə qoyulmayıb. Əsas məqsəd yaxşı kollektiv formalaşdırmaqdır. Hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır. Əlimizi-qolumuzu aşağı salmaq niyyətində deyilik. Çempionatdakı komandalara baş ağrısı olmaq istəyirik.
– Növbəti turda “Şamaxı” ilə qarşılaşacaqsınız. Rəqib sırf yerli futbolçulardan təşkil ounub. Bu oyuna 3 xal gözü ilə baxırsınız?
– “Şamaxı” gündən-günə artıran komandadır. Oyunlarına baxanda da bunu görmək olur. Bizi çətin görüş gözləyir. Heç vaxt deyə bilməzsən ki, filan komandadan asanlıqla xal və ya xallar alacağam. Meydana yalnız qələbə üçün çıxırıq. Bu alınmayanda isə uduzmamağa çalışırıq. “Şamaxı” yaxşı baş məşqçisi olan döyüşkən kollektivdir. Yaxşı mübarizə aparacaqlar. 3 xal qazansaq, əla olar.