"Kəpəz"dən təklif gəlibsə, başqa söhbət ola bilməz" - MÜSAHİBƏ
“Kəpəz”in yeni transferi Əli Səmədovun Msport.az saytına müsahibəsi
– “Kəpəz”ə qayıdışınız necə baş tutdu? Komandaya qayıtmağınızı kim istədi?
– Rəhbərlik, məşqçilər heyəti qayıtmağımı istəyirdi. Buna görə hər kəsə təşəkkürümü bildirirəm. Ona görə də təklifi qəbul etdim. Təbii ki, özüm də “Kəpəz”də oynamağı çox istəyirdim.
– Yenidən doğma komandanızda olduğunuz üçün hansı hissləri keçirirsiniz?
– Əlbəttə, xoş oldu. Doğma komandamdır. Doğulduğum şəhəri təmsil edir. İllərlə burada oynamışam. Bilirsiz ki, mənim üçün “Kəpəz”in yeri başqadır. Yenidən burada olmaq gözəldir.
– “Kəpəz”dən narazı şəkildə ayrılmışdınız. İncikliyiniz keçibmi?
– Heç kimdən incikliyim yoxdur. Gedənlərə də uğurlar arzu edirəm. Kimdənsə incikli qalmamışam. Hər şey keçmişdə qaldı.
– I Liqada oynamaq istəmədiyiniz üçün “Şamaxı”dan ayrıldınız?
– Bəli, əsas səbəb bu oldu. “Şamaxı”ya təşəkkür edirəm. Hər zaman mənə dəstək oldular. Aşağı liqada oynamaq, Premyer Liqada çıxış etmək üçün “Kəpəz”i seçdim. Doğma komandamdan təklif gəlibsə, başqa söhbət ola bilməz, dəyərləndirməlisən.
– “Kəpəz” bu mövsüm daha çox yerli futbolçulara güvənəcək. Bu amil komandanın çıxışına mənfi təsir edə bilərmi?
– Ötən ildən qalan legionerlərimiz var. Daha 3-4 əcnəbinin cəlb olunacağı gözlənilir. Məncə, hər şey yaxşı olacaq. Əzmkar komanda qurmaq lazımdır. Məşqçilər bunu məndən daha yaxşı bilir. “Kəpəz”ə güvənmək lazımdır.
– Yeni mövsümə hazırlıqlar necə gedir?
– Artıq bir həftədir “Kəpəz”dəyəm. Bu mərhələdə əsasən fiziki hazırlıqdır. Gündə iki dəfə ağır məşqlər olur. Normal haldır, güc yığmalıyıq. Gəncədəki toplanışı bitirdik. Bundan sonra “Dalğa Arena”da iki həftəlik hazırlıq prosesimiz olacaq.