"Kəpəz"in legioneri: "Qarabağ" və "Sabah"dan sonra ən yaxşı oyunu biz sərgiləyirik"
“Kəpəz”in gürcüstanlı yarımmüdafiəçisi Mate Kvirkviyanın Msport.az-a müsahibəsi
– Ötən tur “Səbail”lə oyunda “Kəpəz”də ilk qollarınızı vurdunuz. Təəssüratlarınızı bilmək maraqlı olardı…
– Vurduğum qollara görə məmnunam. Komandamın qələbə qazanmasına kömək etdim. Əsas odur ki, meydandan 3 xalla ayrıldıq.
– 3:2 hesablı qələbə qazandığınız oyunu necə şərh edərdiniz?
– Əvvəldən bilirdik ki, bizi ağır oyun gözləyir. Bütün diqqətimizi matça yönəltdik, 90 dəqiqə ərzində konsentrasiyanı itirmədim və məzmunlu qələbə qazandıq. Bu qalibiyyət bizə növbəti görüşlər üçün böyük inam gətirəcək.
– Komandanız qeyri-sabit nəticələr qazanır. Bunun səbəbini nədə görürsünüz?
– Hesab edirəm ki, “Qarabağ” və “Sabah”dan sonra ən baxımlı və ən yaxşı futbolu biz sərgiləyirik. İnanıram ki, bu cür davam etsək, mütləq yaxşı nəticələr gələcək. Konsentrasiyanı itirməyiniz bəzi oyunlarda xal itirməyimizə səbəb oldu. Bu səhvlərin üzərində işləyirik.
– Mövsümün əvvəlindən komanda ətrafında qalmaqallar səngimir. Bu, nədən qaynaqlanır?
– Bu cür şeylərə fikir vermirəm. Sadəcə, məşqlərə köklənir, növbəti matçlara hazırlaşıram.
– Səhv etmirəmsə, “Kəpəz” Gürcüstandan kənarda çıxış etdiyiniz ilk klubdur. Daha əvvəl niyə legioner həyatını yaşamamısınız?
– Bəli, bu mənim ilk belə təcrübəmdir. İş orasındadır ki, uşaq yaşlarımdan zədələrdən əziyyət çəkirəm. Son iki ildə sağlamam və yavaş-yavaş optimal formamı yığıram. 18 yaşımda Rusiya “Rubin”inə keçməli idim. Təəssüf ki, həmin vaxt dizimdən zədə aldım. Əminəm ki, elitadakı yerimizi qoruyacağıq. Bunun üçün hər şeyi edəcəyik.
– Şəxsi planlarınız nədən ibarətdir? Azərbaycanda qalmaq, yoxsa daha güclü çempionata getmək istəyirsiniz?
– Hələlik uzaq yol haqqında düşünmürəm. “Kəpəz”lə uğur qazanmaq istəyirəm. Azərbaycan çempionatının səviyyəsi kifayət qədər yaxşıdır. Sonra nə olacaq? Buna vaxtı çatanda baxarıq.
CAHID