"Kəpəz"in futbolçusu xəstəxanaya aparıldı
Azərbaycan Premyer Liqasının VI turunda “Araz-Naxçıvan” ilə oyunun sonlarında mübarizə anında rəqib futbolçu ilə toqquşmadan sonra qıcolma tutması keçirən “Kəpəz”in futbolçusu Yeqor Xvalkonun durumu müəyyənləşib.
Msport.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunçunun vəziyyəti yaxşıdır.
Xəstəxanaya aparılan kapitan müvafiq müayinələrdən keçirilib və səhhətində problem aşkarlanmayıb.
Qeyd edək ki, “Kəpəz” “Araz-Naxçıvan”a 0:1 hesabıyla məğlub olub.