Koffi ilə "Forza Neftçi" arasında görüş olub
Azərbaycan Premyer Liqasının II turunun “Səbail” – “Neftçi” oyunundan (1:1) sonra baş verən xoşagəlməz hadisələrə göə “ağ-qaralar” bəyanat yayıb. Msport.az xəbər verir ki, adıçəkilən matçdan sonra qonaqların müdafiəçisi Ervin Koffi ilə azarkeşlər arasında insident yaranmışdı. Fransalı müdafiəçi yerdən su butulkasını götürərək azarkeşlərə tərəf atmışdı.
Bu gün “Neftçi” Futbol Mərkəzində “Forza Neftçi” azarkeş qrupunun fəal üzvləri, klub nümayəndələri – baş icraçı direktor Cenk Sümer, media üzrə koordinator Rüstəm Əfsərli və Ervin Koffinin iştirakı ilə görüş keçirilib. Görüşdə “Səbail”lə matçdan sonra baş verənlər müzakirə olunub.
Ervin Koffi oyundan sonra azarkeşlərlə arasında keçən xoşagəlməz insidentə görə təəssüfləndiyini bildirib, oyundan sonra yorğunluq və nəticədən irəli gələn stressin gətirdiyi emosiyalarla hərəkət etdiyini, heç bir halda azarkeşlərə hörmətsizlik etmək fikrində olmadığını dilə gətirərək üzr istəyib.
Azarkeşlər bunu anlayışla qarşılayaraq, futbolçunun üzrxahlığını qəbul edib, o cümlədən, tribunadan Koffiyə tərəf yad əşya atanın “Forza Neftçi” azarkeş qrupunun üzvlərindən biri olmadığını dilə gətirib.
Klub oyundan dərhal sonra baş verənlərlə bağlı araşdırma apardığını bildirərək, daxili intizam qaydaları əsasında futbolçu haqqında ölçü götürüldüyünü açıqlayıb.
Hər iki tərəf buna bənzər hadisələrin gələcəkdə bir daha yaşanmayacağından əminliyi bildirib.