“Lap deyək ki, referi görmədi, VAR nə üçündür?” - “Sumqayıt”ın kapitanı
“Sumqayıt”ın kapitanı Vurğun Hüseynovun Msport.az saytına müsahibəsi
– Premyer Liqanın son turunda “Qarabağ”a 1:3 hesabı ilə uduzdunuz. Matçda hesabı açan tərəf siz olsanız da, üstünlüyü qoruya bilmədiniz. Məğlubiyyətə nə səbəb oldu?
– Oyunun bizim üçün çətin olacağını əvvəldən bilirdik. “Qarabağ” çox təşkilatlanmış komandadır. Həm çempionatda, həm də avrokuboklarda uğurla çıxış edir. Baş məşqçimiz rəqibi analiz edib, lazımi tapşırıqlarını vermişdi. Biz də buna uyğun hazırlaşmışdıq. Əslində matça yaxşı başladıq. Hesabda irəli çıxdıq. Təəssüf ki, “Qarabağ”ın təzyiqinə sonadək dözə bilmədik və məğlub olduq.
– Matçın nəticəsindən çox, Əliyar Ağayevin qərarı müzakirə olundu. Matçın 15-ci dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç komanda yoldaşınız Almir Aqanspahiçə qarşı təhlükəli oynasa da, referi sarı vərəqə ilə kifayətləndi. Sizcə, Ağayev kimi hakim niyə həmin epizodda yanlış qərar qəbul etdi?
– Deyiləsi söz yoxdur. Deyək ki, baş hakim görmədi, epizodu sarı vərəqə kimi dəyərləndirdi. Bəs, VAR nə üçündür? Orada oturanlar epizoda təkrar baxması üçün Əliyara xəbərdarlıq etməli idi. Referi VAR-a getsəydi, 100 faiz qırmızı vərəqə verəcəkdi. Bu, sırf VAR-da oturanların səhvi idi.
– Bəs, Ozobiçin hərəkəti haqqında nə deyə bilərsiniz? Nəzərə alaq ki, Aqanspahiç ciddi xəsarət ala, hətta ayağı sına bilərdi…
– Düşünmürəm ki, Özobiç qəsdən açıq ayaqla sürüşmə fəndi etdi. Oyun epizodu idi, elə alındı.
– “Sumqayıt” Samir Abasovun gəlişindən sonra cəmi 1 xal qazana bilib. Bunu necə şərh edərdiniz?
– Samir müəllimə vaxt lazımdır ki, öz istədiyi taktikanı, sistemi bizə aşılasın. Bu 3-5 günə düzələn şey deyil. Qarşıdakı matçlarda daha yaxşı oynayan, nəticə qazanan “Sumqayıt” görəcəksiniz.
– Yayda heyətə cəlb olunan əcnəbi futbolçular ümidləri doğrultmur. Bu da onu deməyə əsas verir ki, transfer siyasəti düzgün qurulmayıb. Siz legionerlərin çıxışını necə dəyərləndirərdiniz?
– Hər legioner yaxşı çıxacaq deyə bir şey yoxdur. Hər futbolçu Premyer Liqamızda oynaya bilmir. Həqiqətən də çempionat çox çətin keçir. Legionerlərimizin hərəsi bir millidə oynayır. Düşünürəm ki, hələ tam uyğunlaşmayıblar. Qarşıdakı görüşlərdə onlardan daha keyfiyyətli oyun görəcəksiniz.
– Deyilənə görə, yayda “Turan Tovuz”a keçmək variantınız var idi. Amma “Sumqayıt”da qaldınız. Bu gün Tovuz klubu “gənclik şəhəri” təmsilçisindən daha yaxşı yerdə qərarlaşıb. Seçiminə görə peşman deyilsən?
– Açığı, hamı deyir ki, guya mən “Turan Tovuz”a getmək istəmədim. Amma soruşan yoxdur ki, səni komandaya dəvət edən oldumu. Məndən qabaq bir çox futboçu ilə danışıqları olmuşdu. Amma mənimlə heç kim əlaqə saxlamayıb. “Sumqayıt”ı seçməyimə gəlincə, heç bir peşmançılığım yoxdur, ola da bilməz. Bu gün üçün hansısa komanda yuxarı pillədə ola biler. Çempionat uzundur. Kimin hansı yerdə olacağı mayda bilinəcək.