Leandro Andrade: "Rəqibin adı heç kimi aldatmamalıdır" - MÜSAHİBƏ
“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradenin Msport.az saytına müsahibəsi
– Təlim-məşq toplanışı necə keçir? Komandanın hazırlıq səviyyəsi nə yerdədir?
– Toplanış planlaşdırdığımız kimi keçir. Özümlə bağlı deyə bilərəm ki, hazırlıq prosesindən razıyam. Burada əsas məqsəd fiziki durumu yaxşılaşdırmaqdır. Bunun üzərində də işləyirəm. Təbii ki, digər məşq elementləri də öz yerində. Komanda olaraq fiziki durumumuzu ən qısa zamanda yaxşılaşdırmaq və ilk oyunlar üçün hazır olmaq istəyirik. Əhval-ruhiyyə yaxşıdır, hamı istəklidir. Hər bir futbolçu səylə öz üzərində çalışır.
– Avstriyadakı ilk yoxlama oyununda “Ferensvaroş”la 3:3 hesablı heç-heçə etdiniz. Matçı necə şərh edərdiniz?
– Bizim üçün yaxşı test oldu. Güclü komandaya qarşı mübarizə apardıq. İlk sınaq matçı olduğundan nəticəni pis hesab etmirəm. Düşünürəm ki, normal işlədik, özümüzü yaxşı tərəfdən göstərməyə çalışdıq. Qol imkanlarımız oldu. Səviyyəmizi artırmaq üçün hər zaman imkan var. Məhz buna görə toplanışdayıq. İnanıram ki, daha da artıracağıq.
– Hesab 2:2 olarkən baxımlı qolla komandanızı önə keçirdiniz. Bu barədə nə deyə bilərsiniz?
– Əslində bunlar oyunda olan şeylərdir. Matç ərzində əsas məqsədim daha çox işləmək, fiziki durumumu yaxşılaşdırmaq idi. Qol oyunun bir parçasıdır, belə alındı. Əlimə imkan düşdü, mən də istifadə etdim.
– Sizcə, komanda “Linkoln”la Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarına nə dərəcədə hazırdır?
– İndi bu barədə nəsə demək çətindir. İlk matça kimi tam hazır olmalı, yaxşı forma yığmalıyıq. Yoxsa bizim üçün çətin olacaq. Çünki, bu, Çempionlar Liqasıdır, hər komanda öz ölkəsinin çempionudur. Burada hamı maksimum bacarığını göstərməyə çalışır. Dəfələrlə bunun şahidi olmuşuq.
– Rəqibi analiz etmisiniz? Zəif və güclü tərəfləri hansılardır?
– Tam olmasa da, müəyyən məlumatımız var. Asan olmayacaq. Çünki əvvəlki avrokubok oyunlarında bir çox güclü rəqibləri məğlub ediblər. Ona görə də rəqibin adı, o qədər də tanınmış olmaması heç kimi aldatmamalıdır. Bu matça maksimum hazır olmalı, diqqətli oynamalıyıq.
– Bu mövsüm Çempionlar Liqasında hədəf nədir?
– Hədəf, əlbəttə ki, qrupa düşməkdir. Komandama inanıram. Bilirəm ki, hər şey özümüzdən asılıdır. Məşqlərdə çox istəkli kollektiv görürəm. Hamı bir-birinə kömək etmək, dəstək olmaq istəyir. Heyətdə kifayət qədər keyfiyyətli oyunçular var. İnanıram ki, bacaracağıq.
CAHİD