featured-image-35656

“Qarabağ”ın işi çətin olacaq. Bakıdakı oyun göstərdi ki, HİK Azərbaycan çempionundan çəkinmir”.

Bunu Msport.az saytına açıqlamasında “Kəpəz” və “Səbail”in sabiq baş məşqçisi Mahmud Qurbanov Azərbaycan klublarının bu gün avrokuboklarda keçiriləcəkləri cavab oyunları barədə danışarkən deyib.

Söhbətə “Qarabağ”dan başlayan mütəxəssis HİK-in təhlükəli hücumlar edən çox istəkli komanda olduğunu bildirib: “Hətta ilk matçda Şahruddin bir neçə dəfə komandasını real qoldan xilas etdi. Amma “Qarabağ” təcrübəli komandadır və növbəti mərhələyə adlamaq şansı daha çoxdur. Bu komandaya, futbolçuların xarakterinə bələdik”.

“Sabah” Bakıda “Partizan”a qarşı çox yaxşı oynadığını, rəqibə imkanı vermədiyini söyləyən Qurbanov Belqrad təmsilçisinin doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacağını vurğulayıb: “Aqressiv oynayacaqlar. Amma “Sabah” Bakıdakı kimi çıxış etsə, növbəti mərhələ şansı yüksək olacaq. Coy Lens Mikelsin yoxluğuna baxmayaraq, komandada onu əvəzləyəcək futbolçular var”.

Veteran futbolçu “Neftçi”nin şanslarını isə elə də yüksək qiymətləndirməyib: “Komanda yeni formalaşır, hələlik öz oyununu tapa bilmir. Rəqib də çox güclüdür. “Beşiktaş” Türkiyənin ən yaxşı komandalarından biridir. Flaqmanın şansı çox az görünür. Lakin inanıram ki, yaxşı oyunla sürpriz nəticəyə imza ata bilərlər”.

Hər üç klubumuza uğurlar arzu edirəm. Onları növbəti mərhələdə görmək istəyirəm.

Bənzər xəbərlər