"Mahmud Qurbanovun özünə bir az hörməti olsun" - Rauf Əliyev
“Səbail”lə Azərbaycan Premyer Liqasının IV turunun oyununda qırmızı vərəqə alan “Kəpəz”in hücumçusu Rauf Əliyev meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanovla aralarında olan mübahisədən danışıb.
Msport.az xəbər verir ki, Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında Raufu komandada saxlamadığı üçün ona əsəbi olduğunu demişdi. 33 yaşlı forvard məsələyə daha kəskin münasibət bildirib:
“Mahmud Qurbanovun özünə bir az hörməti olsun. İlk 3 turda o, qalib gələ bilməmişdi, yəqin, ona görə belə istəkli idi. Ancaq insan özünə hörmət qazandırmalıdır. Oyundan sonra ona dedim ki, hakimi təhqir etməmişəm. Niyə laysmana başqa söz deyib? Məni tanıyanlar bilir ki, heç kimi təhqir etmirəm. Oyun epizodunda bir az əsəbləşdim, ola bilər ağzımdan nəsə çıxıb. Amma konkret heç kimi söyməmişəm. Mahmud isə hakimdən tələb etdi ki, guya söyüş söydüyüm üçün mənə qırmızı göstərsin. Mənə tribunada oturan adamlar dedi bunu. Ayıbdır, vallah. Belə hərəkət eləmək olmaz. Qalib gəlmisən, lap yaxşı, təbrik edirəm. Amma belə hərəkət yolverilməzdir. Yersiz söhbətlər düzgün deyil”. (azerisport.com)