“Makkabi”nin baş məşqçisi: “Sabah”dan revanş almalıyıq”
Toparlanmağa çalışmalıyıq. Revanş etməliyik.
Msport.az xəbər verir ki, bunu “Makkabi”nin (Hayfa) baş məşqçisi Barak Bakhar deyib.
İsrailli mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”a 0:3 hesablı məğlubiyyəti şərh edib. O bildirib ki, ilk oyunda bu cür uduzmaq yaxşı hal deyil: “İşlər planlaşdırdığımız kimi getmədi. Hücumda kifayət qədər cəsarətli və kəskin olmadıq. Oyuna yaxşı başladıq. Matça nəzarət bizdə idi və tez-tez pressinqlə rəqibi narahat edirdik. Amma sonradan təşəbbüsü əldən verdik. “Sabah”ın cəld və təhlükəli komanda olduğunu bilsək də, qapımızı toxunulmaz saxlamaqda çətinlik yaşadıq. İlk imtahan uğursuz alındı, amma bu, Avropada ilk oyundur”.
Bakhar cavab matçından gözləntilərini açıqlayıb: “Toparlanmağa çalışmalıyıq. Revanş etməliyik. Futbolda hər şeyin mümkün olacağına inanırıq. Amma asan deyil. Bu komandaya, bu heyətə inanıram. İlk matç məyusedici oldu, amma ikinci qarşılaşmanı gözləməyinizi istəyirəm. Daha bir oyun var və inanırıq ki, hər şey mümkündür. Cavab görüşündən sonra hər şeyi olduğu kimi qəbul edəcəyik”.
Qeyd edək ki, komandalar arasında Bakıda keçiriləcək cavab oyunu avqustun 1-də baş tutacaq.