"Məncə, bütün oyunlar belə gərgin keçəcək" - Qurban Qurbanov
“Qarabağ” Azərbaycan Premyer Liqasında yeni mövsümə qələbə ilə başlayıb.
Msport.az xəbər verir ki, Ağdam klubu öz meydanında “Şaması” üzərində 3:1 hesablı qələbə qazanıb.
Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“İlk oyunumuz idi. Əvvəlcə bütün komandalarımıza, futbolçulara və məşqçilərə uğurlar arzulayıram. İnanıram ki, bu çempionat daha aktiv və maraqlı keçəcək.
Oyuna gəldikdə, gördüyünüz kimi, gərgin qarşılaşma oldu. Yeni rəqib idi və onları o qədər yaxından tanımırdıq. Həm məşqçi heyətində, həm də futbolçuların tərkibində xeyli dəyişikliklər olmuşdu. Bu baxımdan çox vacib qələbə qazandıq.
Futbolçularımız bir qədər yoruldular. Buna baxmayaraq ikinci hissədə daha yaxşı xarakter göstərdilər və sonda qalib gəldik. Məncə, bütün oyunlar belə gərgin keçəcək. İlk qarşılaşmadan bizim üçün böyük bir siqnal oldu ki, bütün oyunlara çox ciddi yanaşmalıyıq”.
– Renaldo Sefasın son durumu necədir?
– Renaldo Sefas ikinci hissədə bir qədər zədələndi. Əzələsində gərginlik oldu. Sonda çox risk etmədik və onu meydanda saxlamadıq. Yəqin ki, sabah klub tərəfindən tam məlumat veriləcək.
– Samuel Lobatonun oyununu necə qiymətləndirirsiniz?
– Yaxşı oynadı. Əslində, uzun müddətdir ki, meydana çıxmırdı. Aktiv oynadı, çox fəal idi. Sadəcə, bir qədər oyun təcrübəsinə ehtiyacı var. Həmçinin heyətdə müəyyən dəyişikliklər olmuşdu. Ümumilikdə onun aktivliyi, meydanda topla davranışı və hərəkətləri komandamız üçün lazım olan formada idi. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı formasını bərpa edəcək.
– Bəhlul Mustafazadənin hazırlıq durumu necədir? Onu qarşıdakı “Tvente” ilə oyunlarda görə bilərikmi?
– Gördüyünüz kimi, yavaş-yavaş oynamaq lazımdır. O, daha çox fərdi qaydada məşq edirdi, komandaya da qoşulub. Ümumiyyətlə, gedişat pis deyil. Amma bildiyiniz kimi, bir neçə aydır oyun təcrübəsi yoxdur. Ona görə də tələsmədən, yavaş-yavaş onu gücləndirməliyik. Belə davam etsə, qarşıdakı müddətdə öz optimal formasını bərpa edəcək.







