"Məni təəccübləndirən yeganə şey insanların avtomobil idarəetmə tərzidir" - "Zirə"nin yunanıstanlı futbolçusu
“Zirə”nin yunanıstanlı futbolçusu Dmitrios Çantakiasın Msport.az saytına müsahibəsi
– Son turda səfərdə “Turan Tovuz”a 3:1 hesabı ilə qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsiniz?
– Bizim üçün çətin oyun oldu, çünki “Qarabağ”la matçda ağır hesabla uduzmuşduq. Psixoloji səbəblərdən xarakter göstərmək və üç xalı əldə etmək istəyirdik.
– “Qarabağ”la oyundan söz düşmüşkən, 1:7 hesablı məğlubiyyətdən sonra psixoloji durumdan necə çıxdınız? Ümumiyyətlə, karyeranızda daha əvvəl bu cür məğlubiyyətlər olub?
– Məğlubiyyətin təsirindən hələ də çıxa bilməmişik, amma futbolda belə şeylər olur. Bu, bizi daha çox çalışmaq üçün gücləndirməlidir. Gələcəkdə belə məğlubiyyətə layiq olmadığımızı sübut etməliyik. Karyeramda heç vaxt belə halla üzləşməmişəm.
– “Zirə” niyə bu mövsüm qeyri-sabit çıxış edir?
– Mövsümə istədiyimiz kimi başlamadıq. Amma əminəm ki, gördüyümüz gərgin iş və əlimizdə olan heyətlə hədəflərimizə çata bilərik.
– “Qarabağ” bu həftə Avropa Liqasında həmyerlilərinizə qarşı oynayacaq. “Olimpiakos”la matçda Ağdam klubunun şanslarını necə dəyərləndirirsiniz?
– “Qarabağ” çox yaxşı komandadır. Onlar bunu həm Azərbaycanda, həm də Avropada sübut ediblər. “Olimpiakos”, şübhəsiz ki, çətin rəqibdir. Ümid edirəm ki, gözəl oyun olacaq və ən yaxşı qalib gələcək.
– “Olimpiakos”un transfer etdiyi ulduz futbolçular “Qarabağ”a problem yarada bilər?
– “Olimpaikos”a yeni gələn futbolçular haqqında fikrimi deyə bilmərəm. Çünki onların çoxu hələ debüt etməyib. Hər iki komanda keyfiyyətli futbolçulardan qurulub.
– 2020-ci ildən “Zirə”də çıxış edirsiniz. Azərbaycan və Yunanıstan futbolu, iki ölkənin mədəniyyəti arasında hansı fərqləri müşahidə etmisiniz Burada sizi ən çox təəccübləndirən nə olub?
– İki ölkə futbolu arasında böyük fərqlər yoxdur. Mədəniyyət də demək olar ki, eynidir. Burada məni təəccübləndirən yeganə şey insanların avtomobil idarəetmə tərzidir. Bakıda sürücülər çox fərqli sürürlər.