featured-image-71317

Azərbaycan Premyer Liqasının 10-cu turunun “Turan Tovuz”la matçından (1:2) sonra “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin önünə çıxıb.

Msport.az xəbər verir ki, o, əvvəlcə matçı dəyərləndirib:

“CBC Sport”u 10 illik yubileyi münasibəti ilə təbrik edirəm. Futbolun işıqlandırılmasında böyük rolları var, onlara uğurlar arzulayıram. Oyun çətin keçdi. Meydançanın belə olacağını gözləmirdik. Bu cür ağır meydançada xarakter göstərmək lazımdır. Sürət baxımından hər iki komanda çətinlik çəkirdi. Hər iki komanda bir xala layiq idi. Təəssüf ki, ikinci hissədə 2 real qol epizodundan istifadə edə bilmədik. Rəqib isə bir epizoddan yararlandı. Bu cür meydançada futbol oynadıq. Futbolçularıma təşəkkür edirəm. Rəqib bizdən daha təcrübəlidir, daha geniş heyətə malikdir. Davam edəcəyik, mübarizə qarşıdadır. Tovuz azarkeşlərini təbrik edirəm, çoxdandır ki, gözlədikləri günləri gördülər”.

– Sizə elə gəlmir ki, oyun sərt və kobud formada keçdi?

– Mənə elə gəlmir. Meydança onu tələb edirdi. Meydançaya da heyfsləndim ki, çox əziyyət çəkiblər…Mənim də arzum idi ki, “Turan Tovuz” süni örtüklü meydandan təbii örtüklüyə keçsin. Məncə, tələsdilər.  Pis zədələr ola bilərdi. Çünki ot yerində qalmırdı. Amma nə edək, oynamaq lazım idi. Meydança sərt oyun tələb edirdi.

– Millidən…

– Millidən danışmayacam. Rəqib baş məşqçilər bir az etiraz edirlər. Mətbuat konfransı çox çəkdiyi üçün. Allah qoysa, millinin mətbuat konfransında suallarınıza cavab verərəm. Keçən həftə Qəbələdə də oldu, məşqçilər etiraz edir ki, Ayxan Abbasovun mətbuat konfransı çox çəkir, millidən danışır. Buna riayət edək. Vacib suallarınıza cavab verəcəm.

– Tovuz stadionunun əvvəlki süni örtüklü meydançası yaxşı idi, yoxsa indiki təbii örtüklü meydança?

– Bura yaxşı olacaq. Lazım idi. Gördükləri işə qiymət verək. Sadəcə oyun milli fasiləsindən sonra keçirilsəydi, meydan daha mükəmməl olacaqdı. Məncə, hələ hazır deyildi.

– Bəs, Şamaxıdakı stadionunun ot örtüyü nə vaxt təbii örtüyə dəyişdiriləcək?

– Tovuzdakı stadionun ot örtüyünün dəyişdirilməsinə sevinirəm. Bu, bizim futbolumuza lazımdır. Bunu deməliyik. Bir az da həvəsləndirməliyik. “Turan Tovuz” rəhbərliyini, Tovuzu təbrik edirəm ki, böyük iş görüblər. Ümid edirəm ki, Premyer Liqada çox komanda olar və hamı təbi örtüklü meydançada oynayar.

Bənzər xəbərlər