Mövsümün sonuna kimi yadımdan çıxmayacaq" - Yuri Vernidub
“Neftçi” Azərbaycan Premyer Liqasının 2-ci turunda “Araz-Naxçıvan”ı darmadağın edib – 5:0.
Msport.az xəbər verir ki, oyundan sonra “ağ-qaraların” baş məşqçisi Yuri Vernidub mətbuatı nümayəndələrinin önünə çıxıb:
– “Neftçi” digər komandalara nisbətən təlim-məşq toplanışına daha tez başladı. Komandanın hazırda daha yaxşı oyun göstərməsini bu amilə bağlamaq olar?
– Mənə bu suala cavab vermək çətindir. Bəli, daha tez başlamışdıq. Bundan əvvəl “Sumqayıt”la matçda da yaxşı oyun göstərdik. Bu gün “Araz-Naxçıvan”ın yox, “Neftçi”nin günü idi. Rəqib komanda pis deyil. Yaxşı da oynayırdılar. Sadəcə, belə alındı. İlk hissədə yaxşı pressinq edə bildik.
– İkinci hissədə 1 qol vurmağınız və qol epizodlarının boşa xərclənməsi sizi narahat etdimi?
– Birinci hissədə 4:0-dan sonra ikinci hissədə bunu davam etdirmək çətin olur. Çoxlu epizodlarımız oldu, lakin dəyərləndirə bilmədik. Emil Balayev 3 real qoldan xilas etdi. Onu da təbrik etmək istəyirəm.
– Son illərə baxsaq, “Neftçi”nin belə uğurlu start götürdüyünü görməmişdik…
– Hər bir futbolçuya təşəkkür etmək istəyirəm. “Dinamo” ilə matçdan sonra narahat idim. Lakin futbolçular öz üzərində çox işlədiklərini sübüt etdilər. Hər biri göstərdilər ki, adları böyük hərflərlə yazılan futbolçulardır. Bizi qarşıda çətin “Zirə” matçı gözləyir. O oyun da maraqlı olacaq. İlk 2 qələbədən sonra göylərdə uçmaq lazım deyil. Növbəti matçlara hazırlaşmaq lazımdır. Çempionat çətindir. Kifayət qədər bərabər səviyyəli komandalardan təşkil olunan çempionatdır.
– Zirvədə qalmaq çətindir. “Qarabağ” və “Sabah”ın avrokuboklardakı davamlı çıxışı sizə çempionatda daha çox kömək edəcəyini nəzərə alsaq, onlara azarkeşlik edəcəksiz?
– Bəli, onlara dəstək olacam. Azərbaycan klubları olaraq onları dəstəkləmək lazımdır. Qazanılan hər bir xal Azərbaycan futbolu adına bir uğurdur.
– “Dinamo” (Minsk) məğlubiyyəti sizin yadınızdan çıxmır və bu gün də o məqamı xatırladınız…
– Bu məğlubiyyət mövsümün sonuna kimi yadımdan çıxmayacaq. Bütün məsuliyyət mənimdir. Məhz ona görə də, yenə sizdən üzr istəyirəm. Çalışacam ki, bir daha sizi məyus etməyim.







