"Murad Musayev əvvəlcə "Neftçi" ilə oyundakı "şou"larına baxsın" - "Qəbələ"nin kapitanı
“Qəbələ”nin kapitanı Asif Məmmədovun Msport.az saytına müsahibəsi
– XII turda “Sabah”a son dəqiqə qolu ilə məğlub oldunuz. Əvvəlcə matçla bağlı fikirlərinizi bilmək maraqlı olardı…
– Oyun istədiyimiz kimi başladı. İlk hissədə yaxşı çıxış etdik. İkinci yarıda da hər şey plan üzrə gedirdi. Təəssüf ki, ani səhvdən qol buraxdıq. Son dəqiqə qolu ilə isə uduzduq. Məncə, 1:1 hesabı ədalətli nəticə olardı. İkinci hissədə top daha çox rəqibdə olsa da, cəmi 1-2 qol epizodu yaratdılar. Ciddi təhlükə olmadı.
– Heç-heçə sizi qane edirdi?
– Əlbəttə. Uduzmaqdansa, 1 xal daha yaxşıdır. Nəzərə alaq ki, “Sabah” bu mövsüm yaxşı oyun sərgiləyir və biz səfərdə çıxış edirdik.
– “Sabah”ın baş məşqçisi Murad Musayev oyunsonrası mətbuat konfransında deyib ki, rəqiblər bundan sonra hər kiçik toxunuşda yerdə qalacaqsa, biz topu kənara çıxarmayacağıq. İki dəqiqədən bir yerə uzanacaqlarsa, oyunumuza davam edəcəyik. Bunun feyr-pleylə əlaqəsi yoxdur…
– Baş məşqçinin fikirləri ilə tanışam. Onun dedikləri ilə heç bir halda razı deyiləm. Birinci, getsin, öz oyunlarına baxsın. Görsün ki, “Neftçi” ilə görüşdə vaxt aparmaq baxımından hansı “şou”nu göstərirdilər. Sonra gəlib bizimlə oyun barədə danışsın. Felipe Santos zədələndikdən sonra topu kənara vurdum. Musayev isə futbolçularına qışqırdı ki, topu rəqibə verməyin. Futbolda belə hallar olur. Amma nə dərəcədə düzgündür, bunu baş məşqçinin insafına buraxıram. Onun kimi mütəxəssisə belə hərəkəti yaraşdırmazdım. Ciddi zədələnən futbolçunun yalandan yerə yıxıldığını deyirsə, ona sözüm yoxdur. Həm Santos, həm Rafael Utziq, həm də Rövlan Muradov zədələndikdən sonra məcburi əvəzetmə olub.
– Murad Musayev əslində kifayət qədər sadə və təvazökar insana oxşayır. Sizcə, niyə belə fikirlər səsləndirib?
– Mən yalnız öz oyunumuz barədə fikir bildirə bilərəm. Yəqin, matçı udublar, sevindiyindən belə deyib.
– “Qəbələ” bir oyun uduzur, digərində uduzur, yaxud da heç-heçə edir. Qeyri-sabit çıxışın səbəbi nədir?
– Əslində pis oynamırıq. Sadəcə, son dəqiqələrdə qol buraxırıq. Yəqin ki, nələrsə düz getmir, onları aradan qaldırmaq lazımdır. Biz də buna çalışırıq. Hələ heç nə itirilməyib. Gələcək oyunlarda vəziyyəti düzəldəcəyimizə inanıram.
– Növbəti rəqib “Zirə” olacaq. Bu komanda da medallara iddialıdır. Nə gözləmək olar?
– Bütün matçlarda olduğu kimi, buna da ciddi hazırlaşacağıq. Komandanın özünə gəlməsi üçün qələbəyə çox ehtiyacımız var. Meydana 3 xal üçün çıxacağıq.
– Hazırda 5-ci pillədəsiniz. Bu amil futbolçuların üzərində psixoloji təzyiq yaradırmı?
– Əlbəttə, basqı var. Uduzduğumuz hər oyundan sonra gərgin oluruq. Nə qədər çalışsaq da, çətinlik olur.
– Ötən mövsüm şəxsi planda daha yaxşı təsir bağışlayırdınız…
– Komanda uğursuz çıxış edirsə, deməli, siz dediyiniz kimidir. Komandanın zəif çıxışının da bu məsələdə rolu var. Mən əlimdən gələni edirəm ki, “Qəbələ”yə xeyir verim. Amma dediyim kimi, komanda zəif oynayanda mənim də çıxışım nəzərə çarpmır.