"Nə olursa olsun, sabahkı oyunu mütləq qazanmalıyıq" - "Sabah"ın baş məşqçisi
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarında keçiriləcək “Çelye” ilə matç haqda danışıb.
Msport.az xəbər verir ki, litvalı mütəxəssis rəqibi ciddi şəkildə analiz etdiklərini deyib:
“Sabah bizi çox vacib bir oyun gözləyir. İnanıram ki, olduqca maraqlı qarşılaşma olacaq. Son oyunda bir qədər çətin vəziyyətə düşdük – son saniyələrdə qol buraxdıq və üstünlüyü əldən verdik. Amma inanıram ki, avrokuboklarda nəticəni bir yox, iki oyun müəyyən edir. Yəni mərhələni bir oyunla keçmək mümkün deyil.
Nə olursa olsun — hətta ilk oyun 2:2 başa çatsaydı belə, sabahkı oyunu mütləq qazanmalıyıq. Rəqibi ciddi şəkildə təhlil etmişik. Son üç gündə çox yaxşı məşqlər keçdik, səfərimiz də yaxşı keçdi. Bu gün bir məşqimiz olacaq. İlk oyunda rəqibin etdiklərini və bizim hansı səhvlərə yol verdiyimizi dəfələrlə analiz etmişik.
İndi isə Bakıda etdiyimiz səhvləri düzəltmək, inkişaf etmək və özümüzə inanmaq vaxtıdır. Bu vəziyyəti dəyişməyin öz əlimizdə olduğuna inanmalıyıq”.
Qeyd edək ki, “Çelye” – “Sabah” matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.