featured-image-53363

“Neftçi” heyətini yeni hücumçu ilə gücləndirir. Msport.az xəbər verir ki, “ağ-qaralar” Qazaxıstanın “Ordabası” klubundan Demba Darbonu transfer edir.

Qazaxıstan mətbuatının yazdığına görə, Bakı klubu qambiyalı hücumçunu icarəyə götürmək istəyir. Hətta bunun üçün qarşı tərəfə 50 min avro ödəyəcək. 26 yaşlı forvardın Çimkənd təmsilçisi ilə müqaviləsi 2024-cü ilin axırına kimdir.

Avropa karyerasına Makedoniyanın “Şkupi” klubunda başlayan futbolçu “Neftçi”nin baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında Belarusda oynayıb. O, qısa müddət Soliqorsk “Şoxtyor”unda ukraynalı mütəxəssislə birgə çalışıb. Darbonun ən məhsuldar dövrü də məhz “Şaxtyor”da oynadığı zamana təsadüf edir. O, 2021-2022-ci illər mövsümündə bu komandada 40 oyunda 24 qol vurub. “Şaxtyor”dan BƏƏ-nin “Əl Nəsr” klubuna yollanan hücumçu burda cəmi 3 ay davam gətirib.

2023-cü ildə “Astana”ya keçən futbolçu Qazaxıstan təmsilçisində 21 oyunda 5 qol vurub. Darbonun son dayanacağı isə “Ordabası” olub. Deyilənə görə, hücumçunun intizamla bağlı problemləri var. İstedadlı olsa da, xarakterində olan çətinliklərə görə, öz potensialını tam aça bilməyib.

 

 

 

Bənzər xəbərlər