"Neftçi" - "Sabah" oyununa görə cərimələr və cəzalar
Azərbaycan Premyer Liqasında XXXVI turunun “Neftçi” – “Sabah” oyununda yaşananlara hüquqi qiymət verilib.
Msport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
AFFA-nın İntizam Komitəsi görüşdə baş verənləri müzakirə edib. “Neftçi” futbolçusu Dieqo Valdez 90+1-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib.
Bundan bir dəqiqə sonra “Neftçi”nin artıq istefaya göndərilən baş məşqçisi Miodraq Bojoviç hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Monteneqrolu 5 matç cəzalanıb. “Neftçi” 4000 manat cərimələnib.
“Neftçi”ni azarkeşləri də xərcə salıb. Onlar tərəfindən meydançaya kənar əşyalar atıldığına görə 800, rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 1000, pirotexniki vasitədən istifadə üçün 1500 manat ziyana düşüb.
“Sabah”ın futbolçusu Kahim Parris 90+1-ci dəqiqə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla 4 oyun cəzalanıb. Qonaq klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay müəyyənləşdirilib.
Onun təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan komanda yoldaşı Con İrasabal 3-ü şərti olmaqla 4 oyun cəzalanıb. “Sabah” 3000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
Təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan Abdulax Xaybulaev 4 oyun diskvalifikasiya olunub. O, “Sabah”ı 3000 manat cəriməyə məruz qoyub.
“Sabah” bir matçda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, 3 oyunçusu qırmızı vərəqə aldığına görə 3000 manat cərimələnib.