featured-image-18479

Dünya çempionatından sonra Azərbaycan Premyer Liqasına baxmaq nə zülüm iş imiş. Elə bil bir ay yaşayırsan Bulvara baxan binada və sonra səni köçürürlər Atyalına (Hökməli, Qobu, Müşfiqabad tərəfdə bir yer). Mundialda yaranan fasilə günündə “Zirə” – “Neftçi” oyununa baxanda özümü əlindən bütün əmlakı alınıb “kommunalka”ya köçürülmüş əsrin əvvəlindəki Bakı milyonçuları kimi hiss edirdim.

Yəni 45 dəqiqəlik mübarizədə bir təhlükəli vəziyyət, bir adamı yerindən oynadan epizod olmaz?! Vallah, billah olmadı. Düzdür, oyundan sonra Rəşad Sadıqov “meydanda amansız mübarizə gedirdi” deyib. Lakin Rəşad bəy inciməsin, ilk yarıda nəinki amansız, heç mübarizənin özünü axtarıb tapmaq mümkün deyildi. Fasilədən sonra “Zirə” hesabı açdı və “Neftçi”nin yadına düşdü ki, bura uduzmağa gəlməyib. Bir-iki hücum elədilər və həmin dəqiqələrdə heç olmasa əsnəməyimiz getdi.

Regekampf oyundan sonra “Zirə”nin bir epizodu oldu, ondan da yararlandı” deyib. Adama deyərlər, bəs sənin komandan niyə yararlana bilmir? Əlinə qol imkanı düşəndə, niyə istifadə etmir? Müasir futbolda topa nəzarət etmək, çox ötürmə vermək hələ heç nə demək deyil. Mərakeşlə oyun qutarmışdı, İspaniya Hava Limanına gedirdi, futbolçular hələ də bir-birinə ötürmə verirdilər. Yəni indiki futbolda ən əsası yarım epizodun oldusa, dəyərləndirməkdir.

Rege “Neftçi”dən getməyəcəyini, komandanı yenidən qurmaq, gücləndirmək barədə rəhbərliklə danışıqları olduğunu bildirib. Mənə maraqlıdır ki, “Neftçi” kubokda “Zirə”ni keçməsə, hansı məntiqlə pul buraxıb, heyəti gücləndirəcəklər? 3-cü yeri tutub bürünc medal qazanmaq üçün?

“Qarabağ” – “Qəbələ” oyunu Zirədəki matça nisbətən daha maraqlı keçdi. Elmar Baxşıyevin komandası meydan sahiblərindən qorxmadı, sona qədər cəsarətlə mübarizə apardı. Gənc Emin Səfərovun qolu nə qədər gözəl alınsa da, Quqeşaşvilinin kobud səhvini də qeyd etmək lazımdır.  “Qarabağ”ın qapıçılarla bağlı dərdi düzəlmir ki, düzəlmir.

media-qaree

Əksər fan-klublar oyunları boykot elədiklərindən dünən Zirədə yerli kənd camaatından beş-on nəfəri, Suraxanıda isə 5-7-ci sinifdə oxuyan uşaqları görmək olurdu. Bilmirəm, bu səhər o uşaqlar dərsə çata bildilər, ya yox, lakin fan-klublarsız futbolun futbol olmadığına bir daha hamıda əminlik yarandı.

ELNUR MƏMMƏDLİ  

Bənzər xəbərlər