O "əjdahadan" orda varsa, bizdə niyə yoxdu? - Gürcülərin növbəti "qızıl" nəsili yetişir
Mahir Emrelinin icarəyə veriləcəyi ilə bağlı xəbərlər yayılarkən Gürcüstanın daha bir futbolçusu Avropanın yolunu tutdu. Batumi “Dinamo”sunun 21 yaşlı oyunçusu Zuriko Davitaşvili karyerasını Fransanın 2-ci liqasında – “Bordo”da davam etdirəcək. Ümumiyyətlə, bu ərəfələrdə gürcü futbolçulara baxıb paxıllıq eləməmək olmur.
Xviça Kvaratsxeliya “Napoli”yə gedən kimi diqqət mərkəzinə düşdü. Millimizin sabiq üzvü Badri Kvaratsxeliyanın oğlu A seriyasında 3 oyuna 3 qol vurub. Nəzərə almaq lazımdır ki, Xviçanın da hələ 21 yaşı var. Lakin onun qısa müddətdə İtaliyaya bu cür öyrəşəcəyi, Neapol klubunda belə parlayacağı heç kimin ağlına gəlməzdi.
A seiyasında tək gürcü Kvaratsxeliya deyil. Dünən “Kremoneze”nin heyətində Luka Loçoşvili “İnter”lə matçda ilk dəqiqələrdən meydanda idi.
İspaniyada “Valensiya”nın qapıçısı Georgi Mamaradaşvili “Atletiko” ilə oyunda qapını qoruyurdu. Onun da 21 yaşı olduğunu nəzərə alsaq, Gürcüstan futbolunda “qızıl” nəsil yetişir deyə bilərik. Bəlkə də bu nəsil bir müddət sonra Kaxa Kaladze, Şota Arveladze, Giorgi Kinkladze kimi Avropada “at oynatmış” futbolçuların uğurunu kölgədə qoyacaq.
Yenə də qarşımızda böyük sual işarəsi yaranır, niyə o “əjdaha”dan orda var, burda yoxdur?
Yazının əvvəlində Mahir məsələsini boşuna xatırlamadım. Millimizin hücumçusu sonuncu dəfə mayın 1-də Zaqreb “Lokomotiv”i ilə qarşılaşmada “Dinamo”nun start heyətində yer alıb. Əslində bu dəqiqə ölkə xaricində Azərbaycan futbolunun yeganə yetirməsi Emreli olduğundan onu qınamağa da adamın dili gəlmir. Yığmamızın digər üzvü Renat Dadaşov “Qrasshopper”də uğurla çıxış etsə də, o, Almaniyada futbolçu kimi yetişib inkişaf edib.
Gürcüstan və Azərbaycan futbolunu müqayisə etdikdə Tbilisi “Dinamo”sunun 20 dəfə SSRİ çempionatının medallarını qazanması, 1981-ci ildə Kuboklar Kubokunda qalib gəlməsi faktları əlbəttə ki, bizim dilimizi-ağzımızı bağlayır. Gürcüstan futbolu və Tbilisi “Dinamo”su tarixən Qafqazın ən güclüsü olub, bununla yəqin ki, heç kim müqayisə etməz.
Lakin müstəqillik illərində avrokuboklara diqqət yetirdikdə qarşımıza fərqli mənzərə çıxır. Gürcüstan klublarından indiyədək cəmi bir dəfə Tbilisi “Dinamo”su 2004-2005-ci illər mövsümündə Avropa Liqasında qrupa düşə bilib. “Qarabağ” isə 9-cu mövsümdür ki, avrokuboklarda oynayır. Hələ bizdə iki dəfə “Qəbələ”, bir dəfə də “Neftçi” qrupa vəsiqə qazanıb. Yəni müstəqillik illərində klub futbolunu müqayisə etsək, Gürcüstandan xeyli öndəyik. Təəssüf ki, “Qarabağ”ın hər il Avropada çıxış etməsi də azərbaycanlı futbolçuların marka dəyərini artırmadı. Ağdam klubu qruplara qaldığı ilk illərdə güman edirdik ki, bu, həm də bizimkilərin “köhnə qitə”yə yolunu açacaq. Amma Mahir Emrelini çıxmaq şərti ilə “Qarabağ”ın yerlilərindən heç kim Avropa gedə bilmədi. Halbuki legionerlər özlərini avrokuboklarda göstərib yaxşı təkliflər alırdılar. İbrahim Şehiç burdan Türkiyəyə, Dino Ndlovu Çinə, İbrahima Vadji Fransaya yollandı.
Deməli, azərbaycanlı futbolçuların Avropaya ayaq basması heç də klublarımızın qitə turnirlərində uğurla çıxış etməsindən asılı deyilmiş. Yəqin ki, bunun əsas səbəbi son illərdə xaricdə normal klublarda stabil oynayan futbolçumuzun olmaması ilə bağlıdır. Əgər Kamran Ağayev, Ramil Şeydayev, Araz Abdullayev, Budaq Nəsirov vaxtında yaxşı karyera qura bilsəydilər və tez-bazar geri qayıtmasaydılar, indi xarici menecerlər, klublar azərbaycanlı futbolçulara etimad göstərər, onların transferində maraqlı olardılar. Hələliksə biz hər gün Mahirin heyətdə olub-olmaması baxır və bizimkilərin Xviçadan, Giorgidən Zurikodan niyə geri qaldığını düşünürük.
ELNUR MƏMMƏDLİ